Valideynlərin məktəbə girişinə qadağa qoyulacaq? - AÇIQLAMA

 16:53 20.08.2026     957

Türkiyədə yeni tədris ilindən valideynlərlə görüşlər ölkə üzrə yalnız “Məktəb Randevu Sistemi” vasitəsilə planlaşdırılacaq. Valideynlərin əvvəlcədən qəbula yazılmadan məktəbə gəlməsinə, həmçinin şagirdin valideyni və ya qanuni nümayəndəsi olmayan şəxslərin məktəbə daxil olmasına icazə verilməyəcək.

Maraqlıdır, bəs Azərbaycanda belə sistemin yaradılması mümkündürmü?

Redaktor.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun fikirincə, belə bir addımın atılması təqdirəlayiqdir:

"Çünki çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda təhsil prosesinə ən çox mane olan məsələlərdən biri də valideynlərin məktəblərin, müəllimlərin işinə həddən artıq müdaxiləsidir. Çox təəssüf ki, bu gün biz bu problemi açıq şəkildə görürük. Yəni insanlar məktəblərin işinə ciddi müdaxilə edirlər. Bu mənada, bu cür halların getdikcə daha da artacağını biz görəcəyik, daha çox valideynlər müdaxilə etməyə çalışacaqlar və bu da ümumilikdə təhsil, tədris prosesini pozacaq".

Onun sözlərinə görə, Azərbaycanda da belə bir modelin, belə bir yanaşmanın təqdim edilməsi məqsədəuyğundur:

"Yəni biz də belə bir variantı, belə bir məsələni nəzərdən keçirməliyik və valideynlərin məktəbə girişi qeyd etdiyimiz formada olmalıdır. Kim necə istəyir, hansı formada istəyir, məktəbə daxil olmamalıdır. Çünki bunun fəsadları da var, bunun bizim üçün yarada biləcəyi çətinliklər də var. Ona görə biz bu istiqamətdə ciddi düşünməliyik və ciddi proseslərə baxmalıyıq ki, gələcəkdə bu cür xoşagəlməz halların qarşısını alaq. Əks halda, bu cür müdaxilə problem yaradacaq. Bu sistem elə olmalıdır ki, valideynlə məktəb direktoru, zəruri hal olduqda müəllimlə valideynin kommunikasiyasına mənfi təsir göstərməsin və bu prosesin qarşısını almasın. Bu məsələ də, bu məqam da mütləq nəzərə alınmalıdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən