Ali məktəbə qəbul ola bilməyənlər üçün hansı seçim daha doğrudur? - AÇIQLAMA

 18:00 20.08.2026     645

Bildiyimiz kimi, dünən ixtisas seçimi prosesi yekunlaşıb. Hazırda abituriyentləri yalnız qəbul nəticələrinin açıqlanması gözləyir. Nəticələrdən sonra isə ali məktəbə qəbul ola bilməyən abituriyentlər qarşısında yeni seçimlər dayanacaq.

Bu baxımdan maraqlı sual yaranır: qəbul ola bilməyən abituriyentlər üçün xaricdə təhsil almaq daha məqsədəuyğundur, yoxsa kolleclərə üz tutmaq daha doğru seçim sayılır?

Redaktor.az-a fikirlərini bölüşən  "Elm" İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev bildirdi ki, artıq bu il üçün ixtisas seçiminin vaxtı başa çatıb və hazırkı vəziyyətə görə I, II, III və IV qruplar üzrə 76 mindən artıq abituriyent, eyni zamanda V qrup üzrə isə 10 min nəfər qeydiyyatdan keçib.

"Ümumiyyətlə götürdükdə, I və II qruplarda qəbul şansları daha yüksək, III və IV qruplarda isə müsabiqə vəziyyəti daha gərgindir. Buna görə də Dövlət İmtahan Mərkəzinin sədri Məleykə xanımın da açıqladığı kimi, III qrupda 5 minə yaxın abituriyentin kəsiləcəyi gözlənilir. Təbii ki, burada düzgün ixtisas seçimi aparılmadığı halda 7-8 mindən çox abituriyentin kəsiləcəyi gözlənilir. Buna görə də bundan sonra valideynlər daha çox kolleclərə, eləcə də xarici və özəl universitetlərə üz tuturlar".

Müsahibimizin fikrincə, aşağı bal toplayanlar üçün kolleclərimiz daha yaxşı təhsil almaq, peşə öyrənmək üçün bir imkandır:

"Bununla yanaşı, təbii ki, xaricdə oxuyanların da sayı həddindən artıq çox olacaq. Çünki ailələr qorxurlar ki, gələcəkdə ixtisasların ləğv olunma riski var. Sırf diplom xatirinə valideynlər övladlarının oxumasını istəyirlər. Buna görə də xaricdə oxuyanların sayı da çox olacaq. Amma bizim universitetlərdə də qəbul olunub oxumaq mümkündür. Müsabiqə şərtlərinə baxsaq, xaricdə oxuyanların sayını azaltmaq mümkündür", - deyə ekspert yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən