“Nazirliklərdəki nəzarət sistemi məktəblərdə də tətbiq olunmalıdır” - Ekspertdən TƏKLİF
"Türkiyədə verilən qərar çox yerində bir qərardır. Çünki heç bir müəssisəyə insanlar əlini-qolunu sallaya-sallaya, istədikləri vaxt, şəxsiyyəti müəyyənləşdirilmədən daxil ola bilməzlər. Azərbaycan təhsil sistemində ən böyük problemlərdən biri şagirdlərin və müəllimlərin təhlükəsizliyidir. Tədris prosesinin bölünməməsi və davamlılığının təmin edilməsi üçün belə bir addım vacibdir".
Bu fikirləri Redaktor.az-a Türkiyədə məktəblərdə valideynlər məktəbə girişi üçün yaradılan "randevu sistemi" haqqında danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi.
O əlavə etdi ki, müəllimlər başqa məktəblərə getdikdə, valideynlər, əməkdaşlar, tərəfdaşlar və digər şəxslər peşəsindən asılı olmayaraq, hamısının məktəbə daxil olmasına nəzarət edilməlidir:
"Valideyn də, müəllim də hər hansı bir məktəbə, yəni öz işləmədiyi və ya övladının təhsil almadığı məktəbə daxil olduğu zaman, mütləq nəzarətdən keçməli, kimliyini və gəliş məqsədini əvvəlcədən bildirməlidir. Görüş üçün əvvəlcədən qeydiyyat və ya görüş sisteminin tətbiqi də məqsədəuyğundur. Məktəbə daxil olmaq üçün, məsələn, girişdə şəxsiyyətinizi və gəliş məqsədinizi bildirirsiniz. Əgər həmin vaxt məktəb rəhbərliyi və ya görüşmək istədiyiniz şəxs uyğundursa, görüş təşkil oluna bilər. Yəni şərt deyil ki, insanlar mütləq əvvəlcədən görüşə yazılsınlar. Amma heç olmasa, girişdə belə bir nəzarət sistemi olmalıdır. Bizdə isə məktəbə daxil olduqdan sonra gedib katibəyə müraciət edilir. Halbuki bu nəzarət məktəbin girişində həyata keçirilməlidir.
Məktəbin girişində hamı nəzarət məntəqəsindən keçdikdən sonra içəri daxil olmalıdır. Nazirlik və digər idarəetmə orqanlarında necə sistem varsa, eyni sistem məktəblərdə də tətbiq edilməlidir. Heç bir insanın kimliyi və gəliş məqsədi müəyyənləşdirilmədən, xəbər verilmədən, nəzarətsiz şəkildə içəri daxil olmasına imkan verilməməlidir. Bu, həm müəllimlərin, həm tədris prosesinin, həm də şagirdlərin təhlükəsizliyi üçün vacibdir".
NURİYYƏ













