"Təmayüllü siniflər repetitorluğa ciddi təsir göstərə bilər" - AÇIQLAMA

 14:25 21.08.2026     444

"Təmayüllü siniflərin yaranması repetitorluğun qarşısını almağa hesablanmış bir addımdır. Bu, pilot layihə kimi təklif olunsa da, artıq təcrübə göstərir ki, uğurlu nəticələri var. Buna görə də təkcə bu il Bakı şəhərində 30-dan artıq məktəbdə məktəb-lisey, xüsusilə də təmayüllü siniflərin formalaşdırılmasına başlanılıb. Bu proses həm şagirdlər, həm də müəllimlər arasında müəyyən seçim aparılmaqla həyata keçirilir. Məsələn, bir təmayüllü sinif humanitar sahə üzrə açılıbsa, əlbəttə ki, orada şagirdlərin biliyi və bacarığı məhz həmin istiqamət üzrə yoxlanılmalıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında  təhsil eksperti Məzahir Məmmədli təmayüllü siniflərin üstünlüklərindən danışarkən səsləndirdi.

Onun fikrincə, təmayüllü siniflər artıq müəyyən nəticələr göstərdiyinə görə Azərbaycanda repetitorluğu tamamilə aradan qaldıra bilməsə də, ona müəyyən mənada təsir göstərə biləcək:

"Ümumiyyətlə, təmayüllü yaradılmış məktəblərin hər birində məhz Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi standartlara uyğun hazırlıq keçirilir. Burada məqsəd şagirdlərin repetitorsuz şəkildə ali təhsil müəssisəsinə qəbul olmaq imkanlarını artırmaqdır. Əlbəttə ki, onlar vaxtaşırı testlər keçirirlər və bu hazırlıqlar şagirdlər üçün pulsuz olur. Artıq pilot layihənin nəticələri göstərdi ki, tətbiq olunan qaydalar abituriyentlərin həm maraqlarına uyğundur, həm də onların bilik və bacarıqlarını müəyyən mənada təsdiqləyə bilir. Yəni artıq real nəticələr, yüksək göstəricilər var. Məhz buna görə təkcə Bakı şəhərində 31 məktəbdə yenidən bu istiqamətdə işlərə başlanılıb. Əlbəttə ki, həmin məktəblərdə vaxtaşırı, hər ay və ya bir neçə aydan bir testlər keçirilməlidir ki, şagirdlərin hazırlıq səviyyəsi yoxlanılsın və onların əldə etdiyi nəticələr daim nəzarətdə saxlanılsın".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən