"Həm Azərbaycanda, həm Özbəkistanda təhsil sərgiləri keçirilməlidir" - Ceyhun Məmmədov
Prezident İlham Əliyev avqustun 21-də Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə iki dövlətin təhsil sahəsindəki əlaqələrdən danışıb.
"Təhsil sahəsində əməkdaşlıq Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar tərəfdaşlığın aparıcı sahələrindən biri kimi çıxış edir. 2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı isə Özbəkistanda təhsil alıb. Özbəkistanın təşəbbüsü ilə inşa edilən və Füzuli şəhərinfə fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəb təhsil sistemində əməkdaşlığın bariz nümunəsidir".
Qeyd edək ki, hazırda Prezident İlham Əliyev Özbəkistanda dövlət səfərindədir.
Bəs iki dövlət arasında təhsil sahəsində əməkdaşlığın artırılması üçün daha hansı addımlar atıla bilər? Birgə təhsil proqramları yaradıla bilərmi?
Redaktor.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil məsələləri komitəsinin üzvü Ceyhun Məmmədov qeyd etdi ki, bu gün Özbəkistan-Azərbaycan əlaqələri sürətlə inkişaf edir:
"Cənab prezident Özbəkistandadır. Özbəkistanda çox böyük, önəmli, vacib sənədlərin imzalanması mərasiminin şahidiyik. Bu gün deyə bilərik ki, əlaqələrimiz özünün inkişaf və daha da irəli getmək dövrünü və mərhələsini yaşayır. Əlaqələrimizin inkişafı bunu deməyə əsas verir. Eyni zamanda, Azərbaycanla Özbəkistan arasında təhsil sahəsində də sıx əməkdaşlıq var. Füzulidə Mirzə Uluqbəyin adına orta məktəb fəaliyyət göstərir. Cənab prezidentin qeyd etdiyi kimi, Özbəkistanda 50-dən çox Azərbaycan vətəndaşı, Azərbaycanda isə 76 Özbəkistan vətəndaşı təhsil alır. Bu, bizim əlaqələrimizin daha da inkişafına özünün töhfəsini verir".
Millət vəkilinin sözlərinə görə, iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq üçün çox geniş imkanlar var:
"Davamlı olaraq Azərbaycanda Özbəkistan universitetlərinin təhsil sərgiləri keçirilir. Biz bunu davamlı olaraq müşahidə edirik ki, ölkəmizdə təhsillə bağlı davamlı olaraq müxtəlif sərgilər, müxtəlif tədbirlər keçirilir. Getdikcə, əminəm ki, gələcəkdə Azərbaycanda oxuyan Özbəkistan tələbələrinin, eləcə də Özbəkistanda oxuyan Azərbaycan tələbələrinin sayı artacaq. Hesab edirəm ki, bu cür səfərlər çox önəmlidir. Əməkdaşlığın artırılması üçün hesab edirəm ki, davamlı olaraq həm Azərbaycanda, həm Özbəkistanda təhsil sərgiləri keçirilməlidir. Burada hər iki tərəf iştirak etməlidir və eyni zamanda birgə proqramlar, məsələn, uzunmüddətli şəkildə Azərbaycan tələbələri Özbəkistanda, Özbəkistan tələbələri də gəlib Azərbaycanda bir semestr və ya bir il təhsil alsınlar. Hesab edirəm ki, birgə, müştərək proqramlar, birgə diplomlar verə bilərik. Özbəkistanın təhsili son illər sürətlə inkişaf edir və hesab edirəm ki, o mənada biz də uğurlarımızı və imkanlarımızı daha da artıra bilərik".
Aytəkin TOFİQQIZI













