Yeni universitet iki ölkəni daha da yaxınlaşdıracaq - Deputatdan AÇIQLAMA

 11:34 25.08.2026     1227

Bildiyimiz kimi, avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər.

Bu universitetin fəaliyyəti gələcəkdə Azərbaycan və Özbəkistan arasında müəllim və tələbə mübadiləsinin genişlənməsinə necə təsir göstərə bilər? Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılmasını Azərbaycan-Özbəkistan münasibətləri və bütövlükdə Türk dünyasında təhsil inteqrasiyası baxımından necə qiymətləndirilməlidir?

Redaktor.az-a danışan Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirdi ki, ikitərəfli münasibətlər doğrudan da çox sürətlə inkişaf etdirilir:

"Həm siyasi, həm də iqtisadi cəhətdən ölkələrimiz bir-birinə yaxınlaşır, ticarət əlaqələri genişlənir, nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində mühüm addımlar atılır. Təbii ki, bütün bunların bəzisində insan kontaktları da vacib rol oynayır. Çünki ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsi üçün yalnız siyasi və iqtisadi əlaqələrin inkişafı kifayət deyil, eyni zamanda insanlar arasında birbaşa təmasların, qarşılıqlı əlaqələrin artırılması da olduqca əhəmiyyətlidir".

Onun sözlərinə görə, insanları, xüsusilə tələbələri və gəncləri bir-birinə daha da yaxınlaşdırmaq lazımdır:

"Bunun üçün təhsil proqramlarının artırılması, ikili diplom proqramlarının genişləndirilməsi, tələbə və gənclər üçün mübadilə proqramlarının sayının artırılması çox vacibdir. Bu cür layihələr gənclərin bir-birinin ölkəsini, mədəniyyətini və cəmiyyətini daha yaxından tanımasına imkan yaradır, qarşılıqlı etimadın formalaşmasına mühüm töhfə verir. Təbii ki, Özbəkistanda belə bir universitetin yaradılması da xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə bu universitet vasitəsilə professorların və tələbələrin mübadiləsinin həyata keçirilməsi, birgə elmi araşdırmaların aparılması, müxtəlif akademik layihələrin reallaşdırılması ölkələrimizin yaxınlaşmasını daha dayanıqlı və daha möhkəm edəcək. Eyni zamanda, bu cür əməkdaşlıq gələcəkdə yeni birgə təşəbbüslərin yaranmasına və iki ölkə arasında əlaqələrin müxtəlif sahələr üzrə daha da genişlənməsinə şərait yaradacaq".

Xədicə BAXIŞLI
 

Vumart və Güvən reklamı Vumart Güvən