Şəhid polkovnik-leytenantın qızı da tələbə adını qazandı - FOTO
Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqla yaddaşlarda əbədi iz qoyan şəhid polkovnik-leytenant Vidadi Xəlilovun qızı Zəhra Xəlilova tələbə adını qazanıb.
Redaktor.az xəbər verir ki, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərən Vidadi Xəlilovun övladı 533 balla Bakı Dövlət Universitetinə qəbul olunaraq atasının adını yaşadan növbəti uğura imza atıb.
Zəhranın tələbə adını qazanması ailəsi ilə yanaşı, şəhidimizin doğmaları və onu tanıyan hər kəs tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanıb. Onun bu uğuru həm də Vətən uğrunda canından keçən qəhrəmanların övladlarının qazandığı nailiyyətlərin xüsusi dəyər daşıdığını bir daha göstərir.
Zəhra Xəlilovanı bu əlamətdar uğur münasibətilə təbrik edir, ona ali təhsil həyatında yüksək nailiyyətlər, parlaq gələcək və uğurlu karyera arzulayırıq.
Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun əziz xatirəsini dərin ehtiramla yad edir, Allahdan ona rəhmət diləyirik. Qoy Zəhranın hər bir uğuru atasının müqəddəs xatirəsinə ən gözəl töhfələrdən biri olsun!
Qeyd edək ki, Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Xəlilov oktyabrın 31-də Laçın döyüşləri zamanı məşhur Laçın Dəhlizində şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Aminə ŞAHSUVARQIZI















