Subbakalavrların universitetə qəbul şansı niyə azalıb? - AÇIQLAMA
"Kolleclərdə iqtisadiyyat yönümlü təhsil alan subbakalavrların ali təhsil müəssisələrinə qəbulunda müəyyən problemlərin yaşandığının şahidi olduq. Hətta 92-95 balla subbakalavrların kəsildiyinin şahidi olduq. Bu da heç arzulanan bir mənzərə deyil. Çünki əvvəlki illərdə subbakavrlar 75 balla ali təhsil müəssisələrinə qəbul imkanı əldə edirdilərsə, hal-hazırda, demək olar ki, qəbul imkanları müəyyən qədər məhdudlaşıb".
Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev qeyd etdi.
"Gedişat istər-istəməz artıq növbəti ildən, bəlkə də elə bu ildən kollecə müraciəti müəyyən qədər məhdudlaşdıracaq, azaldacaq. Çünki uşaq düşünür: “Əgər subbakalavr kimi universitetə qəbul ola bilməyəcəmsə, mən kollecə niyə qəbul olum?” Yəni şagird bunu düşünmüş olacaq. Bu da, əlbəttə ki, müəyyən qədər Dövlət İmtahan Mərkəzinin son qərarından asılı oldu.
Kollecdə subbakalavr dərəcəsi bütün ixtisaslar üzrə verilir. Amma bəzi ixtisaslar var ki, həmin ixtisaslardan universitetə qəbul olmaq, demək olar ki, problemdir. Misal üçün, üçüncü ixtisas qrupuna aid olan ixtisaslarda qəbul olmaq, demək olar ki, mümkün olmur. Turizm ixtisasına keçən ilə qədər qəbul olmaq imkanı, demək olar ki, az idi. Bu il bir az o şans olub. İqtisadiyyat yönümlü ixtisaslar əvvəlki illərdə çox rahat idi. Artıq bu il Dövlət İmtahan Mərkəzi 150 ballıqların içərisinə ikinci ixtisas qrupuna aid olan ixtisasları əlavə etdiyinə görə subbakalavrların qəbul olmasında müəyyən problemlər yaşandı. Birinci ixtisas qrupunda bəzi ixtisaslar üzrə qəbul imkanları var. Qəbul imkanları var, amma artıq demək olar ki, məhduddur. Yəni yüksək bal toplayanlarda şans olur".
Aytəkin TOFİQQIZI












