ADU professorundan tələbə adını qazananlara TÖVSİYƏLƏR
"İlk növbədə tələbə adını qazanan bütün abituriyentləri ürəkdən təbrik edirəm. Bu, onların həyatında yeni və çox mühüm bir mərhələnin başlanğıcıdır. Universitetə qəbul olmaq böyük uğurdur, amma əslində əsas yol məhz bundan sonra başlayır".
Bu sözləri Redaktor.az-a açıqlamasında Azərbaycan Dillər Universitettinin (ADU) professoru, filologiya elmləri doktoru Vüsalə Ağabəyli bildirdi.
Həmsöhbətimizin yeni tələbələrə ilk tövsiyəsi odur ki, universiteti yalnız diplom əldə etmək üçün bir məkan kimi qəbul etməsinlər:
"Universitet illəri insanın həm peşəkar, həm də şəxsiyyət kimi formalaşdığı ən vacib dövrlərdən biridir. Ona görə də bu illərdən maksimum istifadə etməyə çalışmaq lazımdır. Ən vacib məsələlərdən biri dərslərə məsuliyyətlə yanaşmaqdır. Tələbə yalnız imtahandan keçməyi düşünməməlidir, seçdiyi ixtisasın mahiyyətini öyrənmək, düşünmək, araşdırmaq və özünü inkişaf etdirmək üçün çalışmalıdır. Müasir dünyada sadəcə diplomun olması kifayət etmir. Əmək bazarında uğur qazanmaq üçün peşəkar biliklə yanaşı, xarici dil, rəqəmsal bacarıqlar, kommunikasiya, tənqidi və yaradıcı düşüncə də böyük əhəmiyyət daşıyır.
Buna görə də, tələbələrə xüsusilə xarici dil öyrənməyi və mütaliəyə vaxt ayırmağı tövsiyə edərdim. Çünki bu gün informasiya sərhədsizdir və xarici dil bilən tələbənin dünyaya çıxışı, yeni biliklərə və beynəlxalq təcrübəyə çıxışı daha geniş olur. Eyni zamanda, universitetdə müəllimlərlə düzgün akademik münasibət qurmaq, sual verməkdən çəkinməmək və müzakirələrdə fəal iştirak etmək də çox vacibdir".
Onun sözlərinə görə, digər mühüm məqam isə universitet həyatının yalnız auditoriya ilə məhdudlaşmamasıdır:
"Tələbələr müxtəlif elmi layihələrdə, konfranslarda, tələbə klublarında, könüllülük proqramlarında və beynəlxalq mübadilə imkanlarında iştirak etməlidirlər. Bəzən bir tədbirdə qazandığınız tanışlıq, bir layihədə əldə etdiyiniz təcrübə və ya oxuduğunuz bir kitab gələcək karyeranız üçün dərsdə aldığınız qiymətdən daha böyük əhəmiyyət daşıya bilər. Ən əsası, bütün tələbələrə və gənclərə daim tövsiyə edirəm ki, özlərini başqaları ilə müqayisə etməsinlər. Hər bir insanın inkişaf tempi və yolu fərqlidir, müsahibələrdə bunu dəfələrlə vurğulayıram, hər kəsin qavraması və yanaşması fərqli ola bilər, ona görə də gənclər özlərini məhz dünənki özləri ilə müqayisə etsinlər. Universitet illərində əsas məqsəd dünənki özünüzdən daha yaxşı olmaq, öz potensialınızı kəşf etmək və gələcək üçün möhkəm təməl yaratmaqdır. Buna görə də, yenicə tələbə adını qazanmış gənclərə arzu edərdim ki, universitet illərini sadəcə “tələbəlik dövrü” kimi görməsinlər, bu dövrü həyatlarının ən böyük inkişaf və kəşf mərhələlərindən biri kimi yaşasınlar. Çünki universitet insana yalnız peşə öyrətmir, həm də həyata hazırlaşmağı öyrədir".
Aytəkin TOFİQQIZI













