692 ballıq keçid balı ədalətsizlik deməkdirmi? - Ekspertdən AÇIQLAMA
"Keçid balının yüksəlməsini avtomatik olaraq imtahanın daha ədalətli və ya ədalətsiz olması kimi qiymətləndirmək düzgün deyil. Keçid balı imtahanın əvvəlcədən müəyyən etdiyi sabit rəqəm deyil. O, həmin il abituriyentlərin nəticələrindən, plan yerlərinin sayından və ixtisasa olan rəqabətdən formalaşır".
Bu fikirləri Redaktor.az-a keçid balları haqqında danışan təhsil eksperti Vüsət Əzizov bildirdi.
Onun sözlərinə görə, əgər bu il 680-700 bal intervalında nəticə göstərən abituriyentlərin sayı artıbsa və həmin ixtisas üzrə plan yerləri ciddi şəkildə dəyişməyibsə, keçid balının yüksəlməsi tamamilə təbii haldır:
"Xüsusilə ATU-da ingilis bölməsində tibb artıq illərdir ən yüksək rəqabətin olduğu ixtisaslardan biridir. DİM-in bu il IV qrup üzrə 600-dən yuxarı nəticə göstərənlərin sayının 1 212 nəfər olduğunu açıqlaması da rəqabətin kifayət qədər yüksək olduğunu göstərir. Ədalət məsələsinə gəlincə, mənim üçün ədalətli qəbul sisteminin əsas göstəriciləri var ki, bunlara da hamıya eyni imtahan şəraiti yaradılması, sualların proqram və elan edilmiş çərçivəyə uyğunluğu, qiymətləndirmənin standartlaşdırılması və nəticələrin şəffaf şəkildə əsaslandırılması aid etmək olar. Ona görə də bir ixtisasın keçid balının 692 olması özü-özlüyündə “imtahan ədalətsizdir” deməyə əsas vermir. Əksinə, yüksək keçid balı həmin ixtisasa tələbin və rəqabətin yüksək olduğunu göstərir. Amma burada başqa bir məsələ də var. 700 ballıq sistemdə 1-2 balın belə taleyüklü olması abituriyentlər üçün ciddi stress yaradır. Ümumi olaraq deyə bilərik ki, yüksək nəticə toplayan abituriyent ədalətli olaraq yüksək ballı və daha prestijli ixtisasa qəbul olur və bu da düşünürəm ki, ədalətli nəticədir".
NURİYYƏ













