Bu ixtisaslarda 3 illik bakalavr mümkündür - AÇIQLAMA 

 15:07 27.08.2026     980

Məlumat verdiyimiz kimi, ABŞ-də ənənəvi dördillik bakalavr təhsilinə alternativ olaraq üçillik proqramların sayı artır. Xarici medianın məlumatına görə, artıq ölkənin 26 ştatında ən azı bir universitet azaldılmış kreditlə üçillik bakalavr proqramı təklif edir.

Redaktor.az-a mövzu haqda danışan Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Rəşad Qardaşov qeyd etdi ki, “Təhsil haqqında” Qanunun 12-ci maddəsinə görə, təhsilin formaları üç yerə ayrılır: formal təhsil, qeyri-formal təhsil və informal təhsil:

"Formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsildir. Məsələn, bakalavr, magistratura, orta ixtisas və s. Qeyri-formal təhsil - formal təhsil sistemindən kənarda təşkil olunan kurs, təlim və digər öyrənmə fəaliyyətlərini əhatə edir. İnformal təhsil isə əsasən şəxsin özünütəhsil yolu ilə bilik və bacarıq əldə etməsidir. Göründüyü kimi, bakalavr təhsili formal təhsil formasına aiddir. 3 illik bakalavr modelini qanunvericilik baxımından qururuqsa, burada xüsusilə “təhsilin forması”, “təhsilalma forması”, “təhsil müddəti” və “təhsil proqramı (kredit)” anlayışlarını bir-birindən ayırmaq çox vacibdir".

Müsahibimiz Azərbaycanda 3 illik bakalavr sisteminə keçidin mümkün olub-olmamasından bəhs etdi:

"Bunun üçün Azərbaycan ali təhsil sistemində normativ dəyişikliklər və universitetlərin tədris proqramlarının yenidən qurulması lazımdır. Hazırda Azərbaycanda bakalavriatın normativ müddəti ixtisasdan asılı olaraq əsasən 4 il üzərində qurulub.

ABŞ-dəkı yeni model isə fərqli yanaşmadır: proqramın məzmunu yenidən təşkil edilir, bəzi seçmə (fakultativ) fənlər ixtisar olunur və tələbə daha intensiv şəkildə əsas ixtisas fənlərinə yönəlir və təhsilini bu müddətə tamamlayır. ABŞ təcrübəsində tətbiq edilən modellərdən birində tələbə həftəlik daha çox kredit götürərək 6 semestrdə bakalavrı bitirir".

Rəşad Qardaşov hansı ixtisasların tədrisinə 3 ilin kifayət edəcəyindən də danışdı:

"Müasir dövrdə bəzi ixtisaslar var ki, bu ixtisaslar üçün 3 illik müddət kifayət edir. Məsələn, kompüter elmləri, informasiya texnologiyaları, biznes və menecment kimi sahələrdə pilot 3 illik bakalavr proqramları yaradıla bilər.

Bütün ixtisaslar üçün bakalavr təhsilinin müddəti eyni olmaya bilər. Burada əmək bazarının və ixtisasın xüsusiyyətlərindən asılı olaraq bakalavr proqramları dəyişə bilər. Əmək bazarına daha sürətli çıxmağa imkan verən, əsasən nəzəri və tətbiqi biliklərin kompakt şəkildə mənimsənildiyi ixtisaslarda - məsələn, biznes, iqtisadiyyat, maliyyə, menecment, marketinq, informasiya texnologiyaları, kompüter elmləri və data analitikası kimi sahələrdə - 3 illik bakalavr proqramlarının tətbiqi məqsədəuyğun hesab edilə bilər".

Həmsöhbətimiz mühəndislik, müəllimlik, laboratoriya və geniş praktiki hazırlıq tələb edən ixtisaslarda 4 illik bakalavrın saxlanılmasını daha düzgün hesab edir:

"Çünki bu proqramlarda nəzəri biliklərlə yanaşı, laboratoriya, layihə, istehsalat və pedaqoji təcrübə də kifayət qədər vaxt tələb edir. Tibb sahəsi ayrıca kateqoriyada qiymətləndirilməlidir. Bu sahələrdə peşəkar hazırlığın xüsusiyyətləri nəzərə alınaraq daha uzunmüddətli proqramlar tətbiq edilməlidir. Yekun olaraq, bu model ali təhsili əmək bazarının real tələblərinə daha çox yaxınlaşdırar. Tələbə ehtiyacından artıq vaxt sərf etmədən əmək bazarına daxil olar, universitetlər proqramlarını daha çevik yeniləyə bilər, magistratura mərhələsinə keçid isə daha məqsədyönlü qurula bilər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən