Məktəblərdə erməni dili tədris olunacaq? - AÇIQLAMA
Məlumat verdiyimiz kimi, Bakı Slayvan Universitetində 2026-2027-ci tədris ilindən erməni dili təsis ediləcək.
Maraqlıdır, bəs məktəblərdə erməni dilinin tədrisi mümkündürmü?
Redaktor.az-a açıqlama verən Bakı şəhəri Suraxanı rayonu V. Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini, məktəb idarəetməsi sahəsində 3 kitabın müəllifi və təlimçi, "Azərbaycan Təhsili" maarifləndirici sosial platformasının rəhbəri, təhsil eksperti Aqşin Kazımov bildirdi ki, hazırkı vəziyyətdə hüquqi və kurikulum baxımından erməni dili adi xarici dil kimi birbaşa tədris edilə bilməz:
"2026–2027-ci il üçün təsdiq edilmiş ümumi təhsil tədris planında xarici dillər ingilis, alman, fransız, rus, ərəb və fars dilləri arasından seçilir. Erməni dili bu siyahıda yoxdur. Ümumi təhsil standartları azsaylı xalqların kompakt yaşadığı ərazilərdə həmin xalqın dilinin valideynlərin arzusu və razılığı ilə tədris edilməsinə imkan verir. Hazırda məktəblərdə ləzgi, talış, avar, saxur, udi, kürd, xınalıq və ivrit kimi dillərin tədrisinə nümunələr var".
Həmsöhbətimizin fikrincə, universitetdə erməni dilinin öyrədilməsi tamamilə normal akademik yanaşmadır:

"Azərbaycanlı mütəxəssislərin erməni dilini bilməsi tarix, Qafqazşünaslıq, diplomatiya, beynəlxalq münasibətlər, təhlükəsizlik, tərcümə və arxiv araşdırmaları baxımından Universitetdə erməni dilinin tədrisinin genişləndirilməsini müsbət addım hesab edirəm. Çünki Azərbaycan öz tarixini, regionu və qonşularını nə qədər dərindən öyrənirsə, bir o qədər güclü olur. “Biz erməni dilini bilməməliyik” yanaşması əvəzinə, əksinə, “onların mənbələrini də özümüz oxuya bilək” yanaşmasını seçə bilərik. Bu, hətta strateji əhəmiyyət daşıya bilər. Universitetdə — ixtisaslaşmış və akademik səviyyədə, məktəbdə isə ehtiyac və maraq olduqda seçmə fənn və ya dərnək formasında tədris oluna bilər. Bu məsələdə əsas prinsip emosiyalar deyil, Azərbaycanın milli maraqları, elmi ehtiyacları və təhsilin real imkanları olmalıdır".
Müsahibimiz qeyd etdi ki, dil bilmək zəiflik deyil:
"Əksinə, rəqibinin, qonşunun və regionun dilini bilmək informasiya üstünlüyüdür. Məktəbdə isə məsələyə başqa yanaşmaq lazımdır. Erməni dilinin kütləvi şəkildə məcburi və ya əsas xarici dil kimi tətbiq edilməsinə ehtiyac görmürəm. Lakin seçmə fənn, dərnək və ya xüsusi proqram formasında, xüsusən tarix, Qafqazşünaslıq və dilçilik istiqamətində marağı olan şagirdlər üçün öyrədilməsi gələcəkdə müzakirə oluna bilər. Əsas prinsip budur: dil öyrənmək siyasi mövqeyi qəbul etmək demək deyil. Əksinə, qonşu ölkənin dilini bilmək Azərbaycan mütəxəssisinə həmin cəmiyyəti birbaşa mənbələrdən öyrənmək və tərcüməsiz informasiya əldə etmək imkanı verir".
Aytəkin TOFİQQIZI













