İTU-nun Qarabağa gəlişi digər ölkələri də hərəkətə gətirə bilərmi? - Sona Əliyeva DANIŞDI

 12:40 28.08.2026     849

Qarabağ Universitetinin tərkibində İstanbul Texniki Universitetinin (İTU) akademik bölmələri açılacaq.

Bu yenilik Qarabağ Universitetinin nüfuzuna necə təsir edəcək? Türkiyənin bu addımı atması digər ölkələrin də Qarabağda akademik bölmələr açmasına səbəb ola bilərmi?

Əməkdar müəllim Sona Əliyeva Redaktor.az-a açıqlamasında qeyd etdi ki, İstanbul Texniki Universitetinin Qarabağ Universitetində akademik bölmələr yaratması, təhsil baxımından əhəmiyyəti qədər, Qarabağın gələcək inkişaf modelinə verdiyi mesaj da mühümdür:

"Çünki universitet şəhərin sosial, intellektual və iqtisadi həyatını dəyişən əsas institutlardan biridir. Ona görə də İTU kimi mühəndislik və texnologiya sahəsində böyük akademik ənənəyə malik universitetin Qarabağ Universitetində institusional şəkildə təmsil olunması Qarabağda yeni akademik mühitin formalaşdırılması baxımından əhəmiyyətli addımdır. Əlbəttə ki, İTU-nun nüfuzu avtomatik şəkildə Qarabağ Universitetinin nüfuzuna çevrilməyəcək. Bunun üçün sadəcə adların yanaşı dayanması kifayət deyil. Əməkdaşlığın real akademik nəticələri olmalıdır. Güclü müəllim heyəti, müasir laboratoriyalar, beynəlxalq tədqiqatlar, birgə elmi layihələr, əmək bazarının ehtiyaclarına uyğun proqramlar və rəqabətqabiliyyətli məzunlar yaranmalıdır. Əgər bunlar baş verərsə, Qarabağ Universitetinin tanınması tamamilə başqa mərhələyə keçəcək".

Onun sözlərinə görə, bu əməkdaşlığın ən böyük üstünlüklərindən biri də mühəndislik istiqamətində insan kapitalının Qarabağın özündə hazırlanmasıdır:

"Qarabağın bərpası yalnız tikintidən ibarət deyil. Burada şəhərsalma, infrastruktur, enerji, su ehtiyatlarının idarə olunması, ekologiya, rəqəmsal texnologiyalar, nəqliyyat və ağıllı şəhər həlləri kimi çoxsaylı istiqamətlər üzrə yüksək ixtisaslı kadrlara ehtiyac olacaq. Ona görə də, Qarabağ Universiteti bu prosesin inkişaf modelinin daxilində olan akademik mərkəzə çevrilməlidir. Buradan sonra məsələyə bir qədər daha geniş baxmaq lazımdır. İTU-nun Qarabağ Universitetində iştirakı Azərbaycan üçün həm də yeni akademik əməkdaşlıq modelinin sınağıdır. Əgər bu model özünü doğruldarsa, Qarabağda xarici universitetlərin iştirakı epizodik layihələrdən davamlı institusional əməkdaşlıqlara keçə bilər".

Sona Əliyeva hesab edir ki, yaxın perspektivdə əsas rəqabət universitetlərin Qarabağda  hansı sahədə daha ciddi akademik mövqe tutmaları üzərində gedəcək:

"Kimisi mühəndisliyə, kimisi enerji və texnologiyaya, kimisi kənd təsərrüfatına, kimisi şəhərsalma və ekologiyaya fokuslana bilər. Bu isə Qarabağ Universitetinin tədricən müxtəlif beynəlxalq akademik şəbəkələrin kəsişdiyi məkana çevrilməsinə imkan yaradar. Türkiyənin bu təşəbbüsünü də məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Türkiyə burada sadəcə təhsil tərəfdaşı kimi çıxış etmir. Eyni zamanda Qarabağın gələcəyində bilik və insan kapitalının roluna dair öz yanaşmasını ortaya qoyur. Bu baxımdan İTU-nun seçilməsi də təsadüfi görünmür. Qarabağın gələcək iqtisadi modeli üçün mühəndislik və texnologiya əsas istiqamətlərdən olacaqsa, bu sahədə güclü akademik tərəfdaşın cəlb edilməsi strateji məntiqə uyğundur".

Müsahibimiz başqa ölkələrin də bu prosesə qoşulub-qoşula bilməyəcəyindən də danışdı:

"Digər ölkələrin də bu prosesə qoşulması mümkündür. Amma Qarabağ Universiteti özü beynəlxalq əməkdaşlıq üçün cəlbedici platformaya çevrilməlidir. Xarici universitetlər yalnız siyasi jest naminə uzunmüddətli akademik investisiya etmirlər. Onlar nəticə, tələbə potensialı, tədqiqat imkanları və gələcək əməkdaşlıq perspektivi görmək istəyirlər. Bu baxımdan ilk növbədə Türk dünyasından yeni tərəfdaşların meydana çıxması daha real görünür. Qazaxıstan, Özbəkistan və digər türk dövlətlərinin universitetləri ilə mühəndislik, texnologiya, kənd təsərrüfatı, idarəetmə və regional inkişaf sahələrində əməkdaşlığın genişlənməsi mümkündür. Daha uzaq perspektivdə isə Asiya və Avropanın aparıcı universitetləri üçün də Qarabağ maraqlı tədqiqat məkanına çevrilə bilər. Bunun üçün Qarabağın özü bir növ real laboratoriya rolunu oynamalıdır. Çünki burada sıfırdan qurulan şəhərlər, yeni enerji sistemləri, rəqəmsal infrastruktur, nəqliyyat modelləri və ekoloji layihələr universitetlər üçün nəzəriyyəni praktikada sınamaq baxımından kifayət qədər ciddi imkan yaradır. Məhz bu nöqtədə Qarabağ Universiteti xarici universitetlərin Azərbaycandakı tərəfdaşlarından biri ola bilər. Yaxud xarici universitetlərin öz aralarında əməkdaşlıq etmək istədiyi regional akademik mərkəzə çevrilə bilər".

Həmsöhbətimiz vurğuladı ki, sosioloji baxımdan da burada mühüm proses gedir:

"Qarabağda Universitetin güclənməsi təkcə tələbə sayını artırmayacaq. Akademik mühit yeni sosial təbəqə formalaşdıracaq. Müəllimlər, tədqiqatçılar, mühəndislər, tələbələr, sahibkarlar, texnologiya mütəxəssisləri zamanla şəhərin sosial həyatına, iqtisadi fəallığına və intellektual atmosferinə də təsir göstərəcəklər.
Ona görə Qarabağ Universitetinin  əsl uğuru Qarabağda yeni bir "bilik və insan kapitalı ekosistemi" yarada bilməsi olacaq. İTU-nun gəlişi isə bu baxımdan mühüm başlanğıcdır. Və əgər Qarabağ Universiteti bu biliyin istehsal olunduğu, paylaşdırıldığı və iqtisadi dəyərə çevrildiyi mərkəzə çevrilə bilsə, onda İTU ilə başlayan əməkdaşlığın əhəmiyyəti bir universitet razılaşmasının çərçivəsini çoxdan aşmış olacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən