Məktəb alış-verişi başladı: Valideynlər nə qədər pul xərcləyir? - SORĞU
Yeni tədris ilinin başlamasına 15 gün qalıb. Artıq valideynlər övladları üçün məktəb ləvazimatları, geyim və digər zəruri məhsulların alışına başlayıblar.
Bəs bazarda qiymətlər hansı vəziyyətdədir? Valideynlər məktəb alış-verişinə nə qədər vəsait ayırırlar?
Mövzu ilə bağlı Redaktor.az şəhər sakinləri arasında sorğu keçirdi.
Sorğuda iştirak edən iki uşaq anası Leyli xanım ailədə yalnız həyat yoldaşının işlədiyini bildirdi:
"Oğlum bu il 1-ci sinfə, qızım isə 4-cü sinfə gedəcək. Bir az maddi cəhətdən çətinlik çəkdik. İldən-ilə uşaqların ehtiyacları artır. Bu il isə qiymətlər bizə kifayət qədər baha gəldi. Hər şeydən bir az almaq belə böyük məbləğ edir".
5-ci sinifdə oxuyan Raulun anası isə ailədə tək uşaq olduğu üçün məktəb xərclərinin o qədər də ağır olmadığını deyib:
"Bizim bir uşağımız var. Ona görə də məktəb alış-verişinə çəkdiyimiz xərc gözümüzə çox böyük görünmür. Amma əvvəlki illərlə müqayisədə qiymətlərdə artım hiss olunur".
Övladları hələ bağçaya gedən Nurgül xanım isə ailəsində məktəb alış-verişi ilə bağlı hər hansı maddi çətinlik hiss etmədiyini bildirib:
"Hələ ki, maddi sıxıntı hiss etmirik. Ancaq qohumlardan, tanışlardan eşidirəm ki, hər şeyin çox bahalaşdığını deyirlər. Məktəbə gedən uşaqlar üçün xərclər daha çox olur".
Sorğuda iştirak edən digər valideynlərdən biri isə məktəb alış-verişində əsas çətinliyin qiymətlərin ayrı-ayrılıqda yüksək görünməsindən yarandığını deyib:
"Bir dəftər, bir qələm çox baha görünmür. Amma çanta, ayaqqabı, forma, dəftərxana ləvazimatları və digər ehtiyacları birlikdə alanda kifayət qədər böyük məbləğ alınır. Xüsusilə bir neçə uşağı olan ailələr üçün bu, ciddi xərcdir".
Digər valideyn isə məktəb alış-verişinə əvvəlcədən başladıqlarını bildirib:
"Qiymətlərin artacağını nəzərə alıb bəzi şeyləri indidən almağa çalışırıq. Hamısını bir dəfəyə almaq büdcəyə ağır düşür. Ona görə alış-verişi hissə-hissə edirik".
Beləliklə, sorğudan da göründüyü kimi, valideynlərin bir qismi məktəb xərclərinin əvvəlki illərlə müqayisədə artdığını düşünür. Xüsusilə bir neçə övladı məktəbə gedən ailələr üçün məktəb alış-verişi əlavə maliyyə yükü yaradır.
NURİYYƏ













