Yeni dərsliklər təhsildə nəyi dəyişəcək? - İlqar Orucovdan AÇIQLAMA
2026–2027-ci tədris ilində bir sıra dərsliklər yenilənmiş məzmunda şagirdlərin istifadəsinə veriləcək. IV sinif üçün “Həyat bilgisi”, VII sinif üçün “Azərbaycan dili”, “Riyaziyyat”, “İngilis dili”, “Azərbaycan tarixi”, VIII sinif üçün “Coğrafiya”, IX sinif üçün isə “Biologiya”, “Fizika” və digər dərsliklərin məzmununda dəyişikliklər ediləcək. Yenilənmiş nəşrlərdə şagirdlərin yalnız nəzəri biliklərinin deyil, eyni zamanda problem həll etmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də maliyyə, media və informasiya savadlılığı, rəqəmsal bacarıqlar və kibertəhlükəsizlik kimi mövzulara daha geniş yer verilməsi nəzərdə tutulur.
Bəs yeni dərsliklərdəki bu dəyişikliklər şagirdlərin təhsilinə nə dərəcədə təsir göstərəcək? Yenilənmiş məzmun müasir dövrün tələblərinə cavab verirmi və nəzəri biliklərin praktiki bacarıqlara çevrilməsinə imkan yaradacaqmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdki ki, 2026–2027-ci tədris ilində tətbiq olunacaq yeni dərsliklər Azərbaycan təhsilində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyur və müasir dünyanın tələblərinə tam cavab verir:
"Bu dəyişikliklər təhsili köhnəlmiş əzbərçilik modelindən xilas edərək şagirdlərin real həyatda ehtiyac duyacağı bacarıqların formalaşdırılmasına xidmət edir. İndiki rəqəmsal dövrdə şagirdlərin sadəcə informasiya toplaması kifayət deyil, əsas məsələ həmin məlumatları düzgün təhlil etmək və qarşıya çıxan problemlərin həllində tətbiq edə bilməkdir. Bu səbəbdən IV sinif “Həyat bilgisi”, VII sinif “Riyaziyyat”, “Azərbaycan dili”, “İngilis dili”, “Azərbaycan tarixi”, VIII sinif “Coğrafiya” və IX sinif “Biologiya”, “Fizika” dərsliklərində edilən yeniliklər birbaşa şagirdyönümlüdür. Dərsliklərə maliyyə, media savadlılığı, rəqəmsal bacarıqlar və kibertəhlükəsizlik kimi aktual mövzuların daxil edilməsi uşaqları internet mühitindəki təhlükələrdən qorumaqla yanaşı, onlarda erkən yaşdan iqtisadi təfəkkür və informasiyanı düzgün süzgəcdən keçirmək mədəniyyəti yaradır. Təbiət və dəqiq elmlərdə artıq quru düsturların əzbərlənməsi deyil, onların gündəlik həyatdakı qarşılığı ön plana çəkilir, humanitar fənlərdə isə şagirdlərin hadisələrə tənqidi və yaradıcı yanaşması stimullaşdırılır".

Müsahibiiz əlavə etdi ki, dərsliklərin bu yeni metodoloji strukturu uşaqların analizetmə və sərbəst araşdırma aparmaq qabiliyyətini itiləşdirərək onları hazır cavabları təkrarlayan deyil, sual verən və çıxış yolları tapan şəxsiyyətlər kimi yetişdirir:
"Strateji baxımdan bu islahat Azərbaycan təhsilinin PISA və TIMSS kimi beynəlxalq qiymətləndirmələrdəki mövqeyini gücləndirəcək, çünki bu sistemlər şagirdin yaddaşını deyil, bilikləri real situasiyalarda tətbiq etmək bacarığını ölçür. Şübhəsiz ki, bu mütərəqqi addımın məktəblərdə tam uğur qazanması üçün müəllimlərin yeni metodlara sürətlə uyğunlaşması və imtahan sisteminin də dərsliklərdəki bu yeni formata uyğun olaraq bacarıqları ölçəcək şəkildə yenilənməsi mütləqdir. Yekun olaraq dərsliklərin yenilənməsi milli təhsilimizin müasirləşməsində çox uğurlu bir addımdır və gənclərimizi sadəcə imtahanlara deyil, gələcəyin rəqabətli əmək bazarına tam hazır vəziyyətə gətirəcəkdir", - deyə fəlsəfə doktoru yekunlaşdırıb.
Xədicə BAXIŞLI













