Bill Qeyts və İlon Maskın dediyi gerçəkləşir? - Azərbaycanda bu ixtisaslarla bağlı qorxulu proqnoz!

 14:33 03.09.2026     720

"Təəssüf ki, müəllimlik istiqamətinə, pedaqoji ixtisaslara marağın azalması bir sıra amillərdən asılıdır. Birinci növbədə həmin sahələr üzrə gələcəkdə iş tapmamaq amili önə çıxır. Nə qədər imtahan verilib nəticə əldə olunsa da, aidiyyəti üzrə vakant yerlərin olmaması məhz pedaqoji ixtisasları seçməkdən yan keçməyə gətirib çıxarır".

Bu fikirləri Redaktor.az-a ali məktəblərdə müəllimlik ixtisasına ayrılan plan yerləri ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi bildirdi.

O həmçinin vurğuladı ki, pedaqoji ixtisaslara marağın az olmasının digər səbəbi isə bu sahədə maaş azlığıdır:

"Əməkhaqqının digər sahələrlə müqayisədə az olması da bu ixtisaslara marağın azalmasına təsir edir. Bundan əlavə, yeni nəsil müəllimlərin peşə fəaliyyətində çəkdiyi əziyyətləri gördüklərindən dolayı gənclər pedaqoji ixtisaslarda təhsil almaqda bir o qədər də maraqlı olmurlar. Əlbəttə ki, digər təsir edən faktor məhz süni intellektin tətbiqi və pedaqoji sahələrə təsiridir. Bu istiqamətdə qlobal səviyyədə texnologiya yönümlü sahələrin rəhbərləri öz fikirlərini çatdırıblar. Bura həm Bill Qeyts, həm də İlon Mask daxildir. Onlar gələcəkdə süni intellektin məhz pedaqoji ixtisaslara təsir göstərəcəyini dilə gətirirlər.

Bu da bəzi pedaqoji ixtisasların süni intellekt tərəfindən sıradan çıxarılması ehtimalını önə çıxarır. Ona görə də indiki abituriyentlər, gənc nəsil belə qərar qəbul edirlər ki, pedaqoji ixtisaslarda təhsil almamalıdırlar. Amma bunun da mənfi nəticələrini biz cəmiyyət olaraq görəcəyik. Ona görə düşünürəm ki, pedaqoji ixtisasların seçilməsi ilə bağlı hansısa həvəsləndirici qərarlar qəbul etmək yaxşı olardı. Təqaüdlərin verilməsi və yaxud bu ixtisasları bitirənlərin gələcək iş təminatı ilə bağlı müəyyən qərarların qəbulu, düşünürəm ki, pedaqoji ixtisasların seçilməsinə gətirib çıxara bilər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən