"İmtahanlar nəyə fokuslanırsa, müəllim və şagird də ora yönəlir" - Elnur Əliyev
“Universitetlərə qəbul imtahanları və buraxılış imtahanları nəyə fokuslanırsa, məktəblərin müəllimləri və şagirdləri də, asılı olsa da, olmasa da, öz diqqətlərini həmin istiqamətə artırmağa məcbur olurlar”.
Redaktor.az xəbər verir ki, bu fikirləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev bildirdi.
O vurğuladı ki, belə bir problem bütün ölkələrdə var:
“Yəni bu, yalnız bizdə olan problem deyil, hər yerdə mövcuddur. Biz nə edirik? Bilirsiniz ki, Elm və Təhsil Nazirliyinin tapşırığı ilə artıq neçə ildir ki, 4-cü siniflərdə bacarıq əsaslı qiymətləndirməyə başlanılıb. Oxu və riyazi bacarıqların ölçülməsi istiqamətində monitorinqlər keçirilir. Biz ibtidai təhsildə bu yanaşmaları artıq bir neçə ildir tətbiq edirik. Düşünürük ki, hazırda həmin ibtidai siniflərdə oxuyan uşaqlar hələ 15 yaşına çatmayıb. Amma ümid edirik ki, təxminən 2029-cu ildə onlar həmin yaşa çatacaqlar və PISA-da bacarıq əsaslı qiymətləndirmə zamanı bu uşaqların nəticələrinin əvvəlki dövrdəki uşaqların nəticələrindən nə qədər fərqli olduğunu görə biləcəyik.
Eyni zamanda, yəqin ki, Dövlət İmtahan Mərkəzinin adından danışmaq üçün belə bir mandatım yoxdur. Amma bizim işçi qaydada və əməkdaşlıq münasibətlərindən əldə etdiyimiz təəssürat ondan ibarətdir ki, Dövlət İmtahan Mərkəzi də son dövrlərdə bacarıqlar və bacarıq əsaslı tapşırıqlar istiqamətində müəyyən fəaliyyətlərə başlayıb. Düşünürük ki, gələcəkdə həmin imtahanlarda da bu dəyişiklikləri görmək imkanımız olacaq”.
NURİYYƏ













