Test topluları niyə hər il yenilənir? – Biznes maraqlarına görə valideynlər yeni vəsait almağa məcbur qalırlar
Bildiyimiz kimi, yeni tədris ilinin başlamasına az vaxt qalıb və bununla əlaqədar hazırlıqlar artıq başlayıb. Hazırlıqların başlamasıyla, hər il test toplularının da yenilənməsi gündəmə gəlib. Bu il də ingilis dilinin test toplusu yenilənib.
Bəs hər il yenilənən test toplularında ciddi dəyişikliklərə ehtiyac yaradan məqamlar olurmu?
Mövzu ilə bağlı Redaktor.az-a danışan elm və təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirdi ki, Dövlət İmtahan Mərkəzi hər il müəyyən ixtisas fənləri üzrə yeniliklər həyata keçirir və bu dəyişiklikləri ictimaiyyətə açıqlanır, eləcə də həmin yeniliklər vəsaitlərə və test banklarına əlavə olunaraq satışa çıxarılır:
"Bu, digər hazırlıq kurslarına da təsir göstərir. Belə ki, vəsait satışı, test banklarının çapı və satışı ilə məşğul olan qurumlar da artıq həmin yeniliklərə uyğun olaraq yeni vəsaitlərini çap edir, yeni məlumatları həmin vəsaitlərə əlavə edərək satışa çıxarırlar. Burada, əlbəttə ki, biznes maraqları da var. Əgər müəyyən yenilik əlavə olunmasa, köhnə vəsaiti, yəni əvvəlki ilin abituriyenti aldığı vəsaiti növbəti il onun qardaşı, qohumu və sair də istifadə edə bilər. Amma yenilik olduğu təqdirdə istər-istəməz həm fənn müəllimləri, həm də valideynlər yeni vəsaiti almaq arzusunda olurlar və yaxud buna məcburiyyət yaranır".

Müsahibimiz əlavə etdi ki, valideyn büdcəsində müəyyən qədər problem yaratsa da, valideyn artıq həmin vəsaiti almaq məcburiyyətində qalır:
"Çünki yeni mövzunun və ya hər hansı bir yeniliyin qəbul imtahanında düşə biləcəyi istisna deyil. Bunu nəzərə alsaq, düşünürəm ki, həm valideynlər, həm də abituriyentlər yeni vəsaitdən istifadə etmək üçün səy göstərirlər. Bu da, əlbəttə ki, həmin vəsaitləri nəşr edənlərin, yenilikləri əlavə edənlərin daha çox vəsait və test bankı satmasına təsir göstərir. Məsələn, arzu olunan bu olardı ki, Dövlət İmtahan Mərkəzi hər il hər hansı bir fənn üzrə yenilik etməsin. Əslində burada Dövlət İmtahan Mərkəzini də günahlandırmaq olmur. Çünki təhsil sistemi elə bir sistemdir ki, mütəmadi olaraq hər bir fənn üzrə mövzularda dəyişikliklər və yaxud yenilənmələr ola bilər. Dövlət İmtahan Mərkəzi də bunu həyata keçirir. Dəyişiklik etdiyi təqdirdə isə əlbəttə ki, öz yeni vəsaitlərinə həmin yenilikləri əlavə edərək satışa çıxarır. Bu, əslində, normal bir haldır".
Ekspert qeyd etdi ki, artıq köhnə, 5-6 il əvvəl nəşr olunan vəsaitlərdən istifadə etmək mümkün deyil:
"Çünki əksər fənlərdə yeniliklər olub və bu yeniliklərə uyğun olaraq yeni vəsaitlər nəşr edilib. Biznes maraqları ilə yanaşı, bu, əlbəttə ki, təhsildə müəyyən yeniliklərin formalaşması ilə də əlaqədardır. Məsələn, ingilis dili fənnini götürək. İngilis dilindən hər hansı əlavələr qəbul prosesinə daxil olduğu zaman artıq abituriyentlərin həmin mövzulara hazırlığı məqsədilə həm vəsaitlərdə, həm də test banklarında bu yeniliklər haqqında məlumatlar qeyd olunmalıdır ki, abituriyentlər həmin məlumatlarla tanış olsunlar. Nəticə etibarilə bunlar abituriyentlərə dəstək məqsədilə hazırlanmış test bankları və yaxud vəsaitlərdir".
R.Nurəliyevin sözlərinə görə, Dövlət İmtahan Mərkəzi də hər hansı bir yeniliyi yeni vəsaitlərdə, yeni test banklarında təqdim etmək məcburiyyətindədir:
"Beləliklə, köhnə vəsaitlərdən istifadə edə bilməyən bacı-qardaşlar var ki, onlar da yeni vəsaiti almaq məcburiyyətində qalırlar. Amma məsələn, belə də etmək olar: Dövlət İmtahan Mərkəzi hər hansı bir fənn üzrə müəyyən yeniliklər etdiyi zaman həmin dəyişiklikləri ayrıca jurnal formasında da təqdim edə bilər. Əlbəttə ki, bu, biznes maraqlarına zidd olsa belə, hesab edirəm ki, bunun edilməsi valideynlərin də daha çox maddi xərcə düşməsinin qarşısını ala bilər".
Xədicə BAXIŞLI













