Sertifikasiyadan kəsilən müəllimlər diaqnostik imtahan verə biləcək? – AÇIQLAMA 

 18:11 07.09.2026     2098

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçiriləcəyini açıqlayıb.

“Diaqnostik qiymətləndirilməyə cəlb edilmiş və ya MİQ nəticəsində işə qəbul edilmiş şəxslərin prosesə cəlbi nəzərdə tutulmur”, – deyə o qeyd edib.

Şöbə müdiri vurğulayıb ki, məqsədlərdən biri müəllimlərin əməkhaqqı artımından yararlanmalarına imkan yaratmaqdır.

Bəs sertifikasiyadan kəsilən müəllimlər diaqnostik qiymətləndirməyə qatılaraq fəaliyyətlərini bərpa edə bilərlərmi?

Redaktor.az-a danışan Bakı şəhəri Suraxanı rayonu V. Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini, məktəb idarəetməsi sahəsində üç kitabın müəllifi və təlimçi, “Azərbaycan Təhsili” maarifləndirici sosial platformasının rəhbəri, təhsil eksperti Aqşin Kazımov hesab edir ki, müəllimlərin diaqnostik qiymətləndirilməsinin yenidən gündəmə gəlməsi təhsil ictimaiyyəti üçün kifayət qədər əhəmiyyətli hadisədir:

“Çünki bu məsələ yalnız bir imtahanın keçirilməsi məsələsi deyil. Burada müəllimin peşəkarlığının qiymətləndirilməsi, əməkhaqqı, müəllimin motivasiyası, təhsilin keyfiyyəti və ümumilikdə müəllim siyasəti kimi bir neçə mühüm istiqamət bir-biri ilə kəsişir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəylinin açıqlamasında diqqət çəkən əsas məqamlardan biri budur ki, müxtəlif səbəblərdən əvvəlki diaqnostik qiymətləndirməyə cəlb edilməyən müəllimlərin prosesə cəlb olunması nəzərdə tutulur. Eyni zamanda, daha əvvəl diaqnostik qiymətləndirməyə cəlb edilmiş və ya MİQ nəticəsində işə qəbul edilmiş şəxslərin prosesə cəlbi nəzərdə tutulmur.

Bu məqam çox vacibdir. Çünki cəmiyyətdə bəzən belə təsəvvür yaranır ki, bütün müəllimlər yenidən diaqnostik imtahana cəlb ediləcək. Əslində isə açıqlamadan görünən odur ki, söhbət daha çox əvvəlki diaqnostik qiymətləndirmə prosesindən kənarda qalmış müəllimlərin bu mexanizmə daxil edilməsindən gedir.

Diaqnostik qiymətləndirmənin əsas məqsədlərindən birinin müəllimlərin əməkhaqqı artımından yararlanmasına imkan yaratmaq olması da xüsusi diqqət çəkir. Bu, məsələnin sosial tərəfidir. Çünki müəllim üçün qiymətləndirmənin nəticəsi yalnız statistik göstərici deyil, onun real əməkhaqqına və sosial vəziyyətinə təsir edə bilən amildir. Burada bir məsələyə xüsusi diqqət yetirmək lazımdır: qiymətləndirmə müəllimi qorxutmaq üçün deyil, onun peşəkarlığını inkişaf etdirmək üçün istifadə edilməlidir”.

Ekspertin fikrincə, müəllimlərin öz bilik və peşəkarlıqlarının qiymətləndirilməsinə münasibəti də normal qarşılanmalıdır:

“Çünki müəllimdən şagirdin biliyini qiymətləndirməsini tələb ediriksə, müəllimin öz biliyinin və peşəkarlığının qiymətləndirilməsini də normal qəbul etməliyik”.

Aqşin Kazımov bununla yanaşı, qiymətləndirmənin yalnız nəticənin müəyyənləşdirilməsi ilə məhdudlaşmamalı olduğunu bildirdi. Onun sözlərinə görə, müəllim imtahandan sonra özünün hansı istiqamətdə inkişaf etməli olduğunu bilməlidir:

“Lakin bununla yanaşı, qiymətləndirmənin fəlsəfəsi də düzgün qurulmalıdır. Müəllim imtahanın nəticəsində yalnız “keçdi” və ya “keçmədi” sözünü görməməlidir. O bilməlidir ki, hansı sahədə güclüdür, hansı sahədə inkişaf etməlidir və bunun üçün ona hansı imkanlar yaradılır”.

Ekspert budəfəki diaqnostik qiymətləndirmənin strukturunun da diqqətçəkən məqamlardan biri olduğunu qeyd etdi:

“Budəfəki diaqnostik qiymətləndirmənin strukturu da maraqlı məqamdır. 60 sualdan 40-nın ixtisas, 20-nin isə tədris metodikası və təlim strategiyaları üzrə olması müasir müəllim anlayışının necə dəyişdiyini göstərir. Artıq XXI əsrin müəllimi üçün yalnız “fənnini yaxşı bilir” demək kifayət deyil. Müəllim öz fənnini bilməlidir, amma eyni zamanda həmin biliyi şagirdə ötürməyi də bacarmalıdır. Çünki çox savadlı insan olmaqla yaxşı müəllim olmaq arasında fərq var.

Məsələn, müəllim müəyyən mövzunu özü mükəmməl bilə bilər. Amma şagird həmin mövzunu başa düşmürsə, müəllim öz biliyini tədris prosesinə effektiv şəkildə çevirə bilməyib. Buna görə metodika və təlim strategiyalarının qiymətləndirmədə ayrıca yer almasını müsbət yanaşma hesab edirəm”.

Aqşin Kazımov MİQ, diaqnostik qiymətləndirmə və sertifikasiyanın fərqli məqsədlərə xidmət etdiyini də vurğuladı:

“Burada bir başqa mühüm məsələ də ortaya çıxır: MİQ, diaqnostik qiymətləndirmə və sertifikasiya bir-birinə qarışdırılmamalıdır. MİQ-in mahiyyəti müəllimlərin işə qəbulunda seçim aparmaqdır. Diaqnostik qiymətləndirmə müəllimin bilik və bacarıqlarının müəyyənləşdirilməsi və müəyyən əməkhaqqı mexanizmləri ilə əlaqələndirilməsi baxımından əhəmiyyətlidir. Sertifikasiya isə müəllimin peşəkarlığının qiymətləndirilməsinə yönəlmiş ayrıca mexanizmdir.

Ona görə mən hesab edirəm ki, “diaqnostika sertifikasiyanın ikinci formasıdır” və ya “sertifikasiyadan kəsilən diaqnostika ilə fəaliyyətini bərpa edə bilər” kimi yanaşmalar düzgün deyil”.

Ekspert sertifikasiyadan uğursuz nəticə göstərən müəllimlərin vəziyyətinə də toxunaraq qeyd edib ki, bu məsələdə həm keyfiyyət, həm də inkişaf imkanları nəzərə alınmalıdır:

“Xüsusilə sertifikasiyadan uğursuz nəticə göstərən müəllimlərlə bağlı məsələ cəmiyyət üçün həssas mövzudur. Mövqeyim budur ki, müəllimin keyfiyyəti qorunmalıdır, amma müəllimə inkişaf imkanı da verilməlidir. Əgər müəllim sertifikasiyada zəif nəticə göstəribsə, ilk növbədə onun hansı istiqamətdə çətinlik çəkdiyi müəyyənləşdirilməlidir. Daha sonra həmin müəllim üçün təkmilləşdirmə, metodiki dəstək, hazırlıq və yenidən qiymətləndirmə imkanları daha aydın şəkildə qurulmalıdır.

Çünki bir imtahan nəticəsi müəllimin bütün pedaqoji fəaliyyətini tam əks etdirməyə bilər. Eyni zamanda, uzun illər müəllim işləmək də müəllimin peşəkar inkişafdan azad olması anlamına gəlmir. Burada balans lazımdır. Biz bir tərəfdən şagirdin keyfiyyətli təhsil hüququnu qorumalıyıq, digər tərəfdən isə müəllimin inkişaf və yenidən özünü göstərmək hüququnu nəzərə almalıyıq. Məncə, ən doğru model “imtahan et və kənarlaşdır” deyil, “qiymətləndir, inkişaf etdir, yenidən qiymətləndir” modelidir”.

Aqşin Kazımov sertifikasiyadan keçən müəllimlərin diaqnostik qiymətləndirməyə cəlb olunması məsələsinə də münasibət bildirdi:

“Sertifikasiyadan keçmək avtomatik olaraq müəllimin diaqnostik qiymətləndirməyə cəlb olunması demək deyil. Mövcud açıqlamada əsas diqqət əvvəlki diaqnostik qiymətləndirmədən kənarda qalmış şəxslərə yönəldilir. Bu, əslində müəllimlərin hüquqi və inzibati statuslarının düzgün müəyyənləşdirilməsinin nə qədər vacib olduğunu göstərir”.

Onun sözlərinə görə, qiymətləndirmə prosesində müəllimlərin məlumatlandırılması və onlarla düzgün kommunikasiya qurulması da mühüm əhəmiyyət daşıyır:

“Hesab edirəm ki, bundan sonra müəllimlər üçün qiymətləndirmə sistemində ən mühüm məsələlərdən biri də aydın kommunikasiya olmalıdır. Müəllim əvvəlcədən bilməlidir: hansı qiymətləndirməyə niyə cəlb olunur, nəticə nə olacaq, əməkhaqqına necə təsir edəcək, uğursuz nəticə olduqda hansı imkanlar mövcuddur və növbəti mərhələ nədir. Çünki müəllimlər arasında bəzən imtahanın özündən daha çox qeyri-müəyyənlik narahatlıq yaradır”.

Ekspert müəllimin peşəkarlığının yalnız test nəticəsi ilə ölçülməsinin də doğru yanaşma olmadığını düşünür:

“Bir məsələni də xüsusilə vurğulamaq istəyirəm. Müəllimin keyfiyyətini yalnız test nəticəsi ilə ölçmək doğru olmaz. Test müəllimin müəyyən biliklərini ölçə bilər. Amma müəllimin sinfi idarəetməsi, şagirdlə münasibəti, fərdi yanaşması, yaradıcılığı, kommunikasiya bacarığı, rəqəmsal kompetensiyası, valideynlə əməkdaşlığı və real dərs prosesində yaratdığı nəticə daha geniş peşəkar kompetensiyalardır.

Gələcəkdə müəllim qiymətləndirməsinin bu istiqamətlərə də daha çox diqqət yetirməsinin tərəfdarıyam. Çünki məktəbdə çox yüksək bal toplayan müəllimlə çox yüksək nəticə yaradan müəllim həmişə eyni adam olmaya bilər. Əsl müəllim şagirdin yalnız test nəticəsini artıran deyil, onun düşünmə qabiliyyətini, müstəqil qərarverməsini, araşdırmaq həvəsini və öyrənmə motivasiyasını formalaşdıran müəllimdir”.

Həmsöhbətimiz diaqnostik qiymətləndirmənin yalnız imtahan kimi deyil, daha geniş müəllim inkişaf sisteminin tərkib hissəsi kimi nəzərdən keçirilməsinin tərəfdarıdır:

“Əgər qiymətləndirmədən sonra müəllimə metodiki dəstək verilir, zəif istiqamətləri müəyyənləşdirilir, inkişaf imkanları yaradılırsa, bu, təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər. Əgər qiymətləndirmə yalnız nəticənin elan olunması ilə başa çatırsa, onda onun inkişafetdirici funksiyası zəifləyir”.

Aqşin Kazımovun sözlərinə görə, bu prosesdə əsas məqsəd müəllimin sadəcə imtahandan keçib-keçmədiyini müəyyənləşdirmək yox, onun peşəkar inkişafına nail olmaqdır:

“Mənim üçün əsas sual “Müəllim imtahandan keçdimi?” deyil. Əsas sual budur: “Bu qiymətləndirmədən sonra müəllim daha yaxşı müəllim olacaqmı?” Əgər cavab “bəli”dirsə, deməli, biz düzgün istiqamətdəyik.

Mən müəllimlərin diaqnostik qiymətləndirilməsini təhsildə keyfiyyətin təmin olunması baxımından müsbət mexanizm hesab edirəm. Amma bununla yanaşı, qiymətləndirmə sisteminin müəllim üçün şəffaf, başadüşülən və inkişafyönümlü olması vacibdir. Çünki müəllim təhsil sisteminin sadəcə icraçısı deyil. Müəllim həmin sistemin əsas hərəkətverici qüvvəsidir.

Ona görə müəllimə həm tələb qoymaq, həm də dəstək vermək lazımdır. Bu məsələdə mövqeyimi bir cümlə ilə belə ifadə edərdim: Təhsilin keyfiyyətini yüksəltmək istəyiriksə, müəllimi yalnız yoxlamamalı, onun inkişafına da investisiya qoymalıyıq. Çünki güclü təhsil sistemi güclü müəllimdən başlayır”, – deyə o qeyd etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən