"Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndiriləcək" - Eşqi Bağırov əsas hədəfləri AÇIQLADI
Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və tərbiyəçi-müəllimlərin peşəkarlığının artırılması əsas hədəflər sırasındadır.
Redaktor.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxışı zamanı bildirib.
O bildirib ki, məktəbəqədər təhsil üzrə əsas hədəflər 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasından irəli gəlir.
“Burada iki əsas istiqamətimiz var: birincisi — məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi; ikincisi — tərbiyəçi-müəllimlərin peşəkarlığının artırılması və sertifikatlaşdırma mexanizminin tətbiqi”, — deyə E.Bağırov qeyd edib.
Şöbə müdiri bildirib ki, məktəbəqədər təhsilin əhatəliliyinin artırılması istiqamətində ölkənin bütün ərazilərində vahid modelin tətbiqi nəzərdə tutulmur.
Onun sözlərinə görə, müxtəlif bölgələrin və əhalinin fərqli ehtiyaclarını nəzərə almaq üçün bir neçə modeldən paralel şəkildə istifadə edilir.













