Süni intellekt yaddaş problemlərinə səbəb ola bilər - Şagirdlərə XƏBƏRDARLIQ

 19:28 11.09.2026     1835

"Süni intellektdən istifadə zamanı şagirdlər həmin platformalardan müxtəlif sual və tapşırıqların həllində, yaxud mövzunu daha yaxşı mənimsəmək üçün istifadə edirlər. Amma platformalardan daimi və həddindən artıq istifadə şagirdlərin texnoloji alətlərdən asılılığına gətirib çıxara bilər. Bu isə bilik və bacarıqların möhkəmləndirilməsinə, diqqətin cəmlənməsinə və yaddaşla bağlı problemlərin yaranmasına səbəb ola bilər. Belə olduğu halda şagirdlər öyrəndiklərini yalnız qısa müddət ərzində yadda saxlaya bilirlər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi səsləndirdi.

O qeyd etdi ki, süni intellektdən deyil, məhz kağız daşıyıcılarda olan dərsliklərdən istifadəyə üstünlük verilməlidir.

"Amma yenə də süni intellektdən istifadə, təbii ki, vacib əhəmiyyət kəsb edir. Əgər hansısa mövzu üzrə müəyyən informasiyanı dərslikdən əldə edə bilmiriksə və həmin mövzu ilə bağlı əlavə öyrənməyə üstünlük veririksə, bu zaman süni intellekt bizim bir növ dadımıza çatır, bizə yardım etmiş olur. Yalnız belə məqamlarda süni intellektdən istifadəyə maraq göstərməliyik. Bunun üçün də burada tənzimlənən prosesin və nəzarət mexanizminin qurulması vacibdir".

Müsahibimiz qeyd etdi ki, həm valideynlər, həm də müəllimlər süni intellektdən istifadə zamanı mütləq şagirdlərə nəzarət etməlidirlər:

"Onların dərs tapşırıqlarını yoxlayarkən çalışmalıdırlar ki, şagird həmin mövzunu dərindən mənimsəyib, yoxsa süni intellektdən daha çox istifadə edib. Bunu yoxlamağın yeganə üsulu həmin mövzu üzrə tapşırıqları yenə şagirdlərə əyani şəkildə həll etdirməkdir. Beləliklə, şagirdin mövzunu yaxşı mənimsəyib-mənimsəmədiyini müəyyən etmək mümkündür. Yalnız belə formatda süni intellektdən istifadə etməklə onun verdiyi imkanlardan səmərəli şəkildə yararlana bilərik".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən