Yeni tədris ilindən bu müəssisələrin sayı 52 olacaq - Eşqi Bağırov
"Ötən tədris ili Böyük Qayıdış çərçivəsində həm Şərqi Zəngəzur, həm Qarabağ regionunda fəaliyyət göstərən təhsil müəssisələrinin sayı 37-yə çatdırılmışdır. Yeni tədris ilindən bu müəssisələrin sayı 52 olacaq".
Redaktor.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxışı zamanı bildirib.
"Ölkənin digər ərazilərində də yeni təhsil müəssisələri şagirdlərin istifadəsinə verilir. 43 yeni ümumi təhsil müəssisəsi olacaq yeni tədris ilindən. Eyni zamanda, ötən aylar ərzində 1000 müəssisədə də təmir işləri aparılıb və bu, özlüyündə 550 minə yaxın şagirdin təhsil mühitinin yaxşılaşdırılması deməkdir.
Çıxışımın əvvəlində strategiyanın hədəflərindən danışdıq. Strategiyada hədəflərdən biri də şagird-kompüter nisbətinin 1:6 nisbətinə çatdırılması olmuşdur. Bu illər ərzində hər il 40 mindən çox kompüter şagirdlərin istifadəsinə verilmişdir və bu ilin sonunadək əlavə 40 mindən çox kompüterin verilməsindən sonra şagird-kompüter nisbəti də 1:6 nisbətinə çatdırılacaq".
Aytəkin TOFİQQIZI













