"Məktəbdəki problemləri il sonunu gözləmədən müəyyən edə biləcəyik" - Eşqi Bağırov
Təhsil xidmətlərinin elektronlaşdırılması vətəndaşlar üçün vaxt itkisini azaldır, proseslərdə şəffaflığı və məlumatların dəqiqliyini artırır.
Redaktor.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxışı zamanı bildirib.
Qeyd olunub ki, son illərdə təhsil sistemində rəqəmsallaşmanın əsas istiqamətlərindən biri vətəndaşlara göstərilən xidmətlərin mərhələli şəkildə elektronlaşdırılmasıdır.
Hazırda valideyn və şagird üçün əvvəllər əlavə vaxt və inzibati prosedur tələb edən bir sıra xidmətlər rəqəmsal mühitdə təqdim olunur. Şagirdlərin məktəbə qəbulu, məktəblər arasında yerdəyişməsi və digər xidmətlər elektronlaşdırılıb.
Bu ilin mühüm yeniliklərindən biri isə ümumi təhsil haqqında attestatların elektron formada təqdim edilməsinə başlanılmasıdır.
Bildirilib ki, xidmətlərin elektronlaşdırılması prosesi vətəndaşlar üçün daha əlçatan və çevik edir, vaxt itkisini azaldır, şəffaflığı və məlumatların dəqiqliyini artırır.
Qeyd olunub ki, rəqəmsallaşmanın növbəti mərhələsi yalnız vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması deyil, məktəbdaxili proseslərin, xüsusilə tədrisin və təhsilin keyfiyyətinin rəqəmsal məlumatlar əsasında idarə edilməsidir.
Bu baxımdan “Rəqəmsal Məktəb” platformasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Hazırda platforma Bakı şəhərinin 352 ümumi təhsil müəssisəsini əhatə edir və ondan 35 minə yaxın müəllim istifadə edir.
Platformanın əsas funksiyalarından biri tədrisin və təhsilin keyfiyyətinin idarə olunmasıdır. Məktəbdə formalaşan məlumatları yalnız tədris ilinin sonunda deyil, il ərzində izləmək mümkündür. Məktəbdaxili qiymətləndirmənin nəticələri məktəb, sinif, fənn və ayrı-ayrı şagird səviyyəsində təhlil olunur.
Bu imkan məktəb rəhbərliyinə və idarəedici strukturlara hansı sinifdə, hansı fəndə və hansı şagird qrupunda problemin yarandığını daha erkən müəyyən etməyə, nəticələri müqayisə etməyə və ehtiyac yaranan istiqamətdə vaxtında müdaxilə etməyə şərait yaradır.
Bildirilib ki, “Rəqəmsal Məktəb” məlumatların sadəcə toplanması üçün deyil, onların idarəetmə qərarlarına çevrilməsi məqsədilə istifadə olunur.
Platformanın digər mühüm istiqaməti müəllimlərin gündəlik fəaliyyətinin dəstəklənməsidir. Belə ki, müəllimlərin bir sıra inzibati işləri rəqəmsallaşdırılır və onların inzibati yükü azaldılır.
Eyni zamanda müəllimlər rəqəmsal, təhlükəsiz və ölkədə tətbiq olunan təhsil proqramlarına uyğunlaşdırılmış süni intellekt alətlərindən istifadə etməklə dərslərin planlaşdırılması, tədris materiallarının hazırlanması və şagird nəticələrinin təhlili üçün yeni imkanlar əldə edirlər.
Platforma həmçinin müəllimlərin ehtiyaclarına uyğun metodiki materiallara və dəstəyə çıxışını genişləndirir.
Rəqəmsallaşmanın mühüm faydalarından biri də valideynlərin məktəbə və övladlarının təhsil prosesinə daha yaxın olmasına imkan yaratmasıdır. Valideyn övladının təlim nailiyyətlərini və davamiyyətini operativ şəkildə izləyə, məktəbdə gedən proseslər barədə məlumat ala və məktəblə daha sıx kommunikasiya qura bilir.
Beləliklə, valideyn yalnız tədris ilinin sonunda və ya valideyn iclasında övladının vəziyyəti barədə məlumat alan tərəf deyil, il ərzində onun inkişafını izləyən və məktəblə davamlı ünsiyyətdə olan iştirakçıya çevrilir.
Eyni zamanda rəqəmsal imkanlar valideynlərin məktəblə bağlı fikirlərinin sistemli şəkildə öyrənilməsinə də şərait yaradır. Bu məqsədlə keçirilən genişmiqyaslı sorğuda 448 mindən çox valideyn iştirak edib.
Yeni tədris ilində “Rəqəmsal Məktəb” platformasının Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir və Naxçıvanda da genişləndirilməsi nəzərdə tutulur.
Nəticədə platformanın 500-dən çox təhsil müəssisəsini, 600 minə yaxın şagirdi və 1 milyondan çox valideyni əhatə edəcəyi gözlənilir.













