Şagirdlərin nəticələrində böyük dəyişiklik: Rəqəmlər AÇIQLANDI
"Beş ildir ki, ibtidai təhsilin sonunda şagirdlərin oxu və riyazi bacarıqlarının vəziyyəti Təhsil İnstitutu tərəfindən ölçülür. Bu, bütün şagirdləri əhatə edir, monitorinq xarakterlidir və başa düşmək istəyirik ki, ibtidai təhsil səviyyəsinin sonunda şagirdlərimiz hardadırlar. Bu nəticələri, bu uşaqları əvvəlki dövrün uşaqları ilə və gələcək şagirdlərlə müqayisə etmək üçün bir şkalaya gətirmək ehtiyacı var. Ona görə də 2023–2024-cü ilin nəticələri 500 ballıq şkalaya gətirilib. Yəni 23–24-cü ilin nəticələri baza ili olaraq hesab olunmuşdur, oradakı şagirdlərin nəticələrinin orta balı 500-ə gətirilmişdir. Bundan sonrakı illərin nəticələrini eyni şkalaya gətirməklə biz her il 4-cü sinif şagirdlərinin yekun vəziyyətini özündən əvvəlkilərlə müqayisə edə bilirik. Yəni artıq asanlıqla deyə bilirik ki, şagirdlər irəliləyir, geriləyir, inkişaf eləyir, zəifləyir və s".
Redaktor.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev bildirdi.
"Eyni zamanda baldan başqa şagirdlərin bilik səviyyələrinin vəziyyətinə də baxılır. Buna 4 səviyyədə baxılır. Birinci səviyyənin altında olan şagirdlər risk qrupunda olan şagirdlərdir, yəni baza səviyyəyə çatmayan şagirdlərdir, minimum öyrənmə həddinə çatmayan şagirdlərdir. İkinci, üçüncü səviyyə orta səviyyə hesab olunur. Dördüncü səviyyədə olan şagirdlər yüksək inkişaf etmiş şagirdlər hesab olunur.
İlk olaraq 4-cü siniflərdə oxu və riyaziyyat üzrə balları paylaşmaq istəyərdim sizinlə. Qeyd etdiyim kimi, 23-cü ildə bal şkalada 500 ballıq orta bala gətirilmişdir və son iki ildə biz görürük ki, ibtidai sinifdə oxu nəticələri artım tempindədir, kifayət qədər yüksək artım tempi ilə artır. Bu çox sevindiricidir və cari ildə artım çox büyük sıçrayışla baş vermişdir.
Riyaziyyatda da eyni artım tempini görürük və ibtidai təhsildə həm oxu, həm riyaziyyat üzrə şagirdlərin bacarıqlarının inkişafı ballardan aydın görünür. Riyaziyyatda da temp ardıcıllıq var, davamlılıq var, ancaq kifayət qədər sabit bir artım görürük.
Ən vacib məsələ şagirdlərin səviyyələr üzrə qiymətləndirilməsidir. Burada ən sevindirici xəbər ondan ibarətdir ki, baza həddinin altında olan şagirdlərin göstəriciləri cari ildə 5%-ə enmişdir. Bu bizi daha çox sevindirir ki, risk qrupunda olan şagirdlərin payı kəskin azalıb. Eynilə riyaziyyat fənnində də bu göstəricinin yaxşılaşdığını görürük. Bu göstərici 9%-ə çatmışdır, 17%-dən. Təxminən iki dəfə artımı biz müşahidə edə bilirik. Bu, demək olar ki, Azərbaycan ibtidai sinif müəllimlərinin sinifdə bu məsələyə son illərdə fokus olmasının bir nəticəsidir. Mən müəllimlərimizə təşəkkür edirəm və təbrik edirəm".
Aytəkin TOFİQQIZI














