"6-cı siniflərdə oxu nəticələri artır, riyaziyyatda geriləmə dayanıb"
"6-cı siniflərdə oxu üzrə artım müşahidə olunur və bu artım ötən il olduğu kimi bu il də davam edib. Çox kəskin artım olmasa da, müsbət dinamikanın olması sevindiricidir. Ən sevindirici məqam isə 1-ci səviyyənin altında olan şagirdlərin payının azalmasıdır. Son ildə bu göstərici təxminən 25% yaxşılaşaraq 20%-dən 15%-ə düşüb. Bu da göstərir ki, xüsusilə zəif vəziyyətdə olan şagirdlərin nəticələrinin minimum səviyyəyə çatdırılması istiqamətində əsaslı işlər görülür".
Redaktor.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev bildirdi.
"Riyaziyyat fənni üzrə də oxşar mənzərə görünür. Minimum səviyyədə olan şagirdlərin payında əhəmiyyətli dərəcədə yaxşılaşma var. Lakin ümumi ballar üzrə hələ ki 2024-cü ilin nəticələri ilə eyni səviyyədəyik. Ötən il geriləmə müşahidə olunmuşdusa, cari ildə 6-cı siniflərdə müəyyən dərəcədə qalxım olub və əvvəlki səviyyəyə qayıdıblar.
Təbiət fənlərinə gəlincə, artıq son 3 ildir ki, bu fənn üzrə də şagirdlərin mənimsəmə səviyyəsi qiymətləndirilir. Təbiət fənnində daha çox sabitlik müşahidə olunur: orta balda cüzi artım olsa da, kəskin dəyişiklik baş verməyib və səviyyələr üzrə də bənzər mənzərə var. Bu istiqamətdə təbiət fənnini tədris edən müəllimlər səylərini daha da artırmalıdırlar".
Aytəkin TOFİQQIZI













