"Şagirdlərə süni intellektdən istifadəyə icazə verməliyik" - Tuqay Rzazadə

 17:52 11.09.2026     396

Elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət Mərkəzi”nə danışıb. O çıxışı zamanı deyib ki, biz Azərbaycan təhsilində süni intellektdən istifadəni tənzimlənən şəkildə saxlamalıyıq.

Bəs bu tənzimlənmə necə aparılmalıdır ki, süni intellekt şagirdlərdə diqqət dağınıqlığı və yaddaşsızlıqla nəticələnməsin?

Mövzu ilə bağlı Redaktor.az-a danışan coğrafiya müəllimi, təhsil eksperti Tuqay Rzazadə bildirdi ki, süni intellekt artıq müasir dövrün əsas tələblərindən biridir:

"Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də süni intellektdən istifadə qaçılmaz hal alıb. Xüsusilə gənclər arasında, hətta gənc olmayan, körpəlik yaşını yaşayan uşaqlar arasında belə süni intellektdən istifadə halları son illərdə artıb və bu tendensiya artan istiqamətdə davam edir".

Müsahibimiz əlavə etdi ki, bütün sahələrdə olduğu kimi, təhsildə də süni intellektdən istifadənin müsbət və mənfi tərəfləri var:

"Müsbət tərəfi ondan ibarətdir ki, artıq məlumatlar daha əlçatan olub. Uzun-uzadı tədqiqat və araşdırmalar aparmağa ehtiyac qalmır. Zaman və məkandan asılı olmayaraq, şagirdlərin istənilən məlumata çatmaq imkanları yaranır.

Mənfi tərəfləri isə ondan ibarətdir ki, süni intellektdən davamlı və həddindən artıq istifadə son nəticədə şagirdlərdə yaddaş problemlərinə, tənbəlləşməyə, özlərinin yerinə yetirməli olduqları tapşırıqları süni intellekt vasitəsilə həll etməyə cəhd göstərmələrinə gətirib çıxara bilər. O cümlədən, günün daha çox hissəsini sırf məlumat axtarmaq üçün telefonda keçirmək və bu kimi digər xoşagəlməz hallar yarana bilər".

Tuqay Rzazadə hesab edir ki, məktəbdə müəllimin, evdə isə valideynin üzərinə böyük məsuliyyət düşür:

"Hər iki tərəf vəhdətdə işləməli və şagirdin ümumiyyətlə süni intellektlə münasibətinə nəzarət etməlidir. Süni intellekt proqramlarından istifadə zamanı tarixçələrə valideynlər tərəfindən mütəmadi nəzarət olunmalıdır ki, şagirdin hansı sualları verdiyi məlum olsun. Çünki bir çox hallarda görmüşük ki, süni intellektdən nəzarətsiz istifadə xarici ölkələrdə hətta intihar hallarına belə gətirib çıxarıb. Yəni süni intellektdən nəzarətsiz istifadə sonda acı nəticələrə səbəb ola bilər. Amma qeyd etdiyim kimi, süni intellekti qadağan edə bilmərik və etməməliyik də. Bu, mümkün olan bir şey deyil. Xüsusilə son illər ölkəmizdə tətbiq olunan STEM əsaslı öyrənmə kimi dərslərdə süni intellektin rolu daha da artır. Biz bilirik ki, ölkəmiz getdikcə əvvəlki nəzəri və faktoloji biliklər tələb edən təhsil sistemindən daha çox praktiki bacarıqlar tələb edən təhsil sisteminə yönəlir. Bu mənada da süni intellektin əhəmiyyəti artır və şagirdlər süni intellekt vasitəsilə tapşırıqların həllinə daha çox can atırlar.

Ona görə də süni intellektdən istifadəyə icazə verməliyik. Amma müəyyən qadağalar və tənzimləmələr tətbiq edilməlidir ki, şagirdlərin süni intellektdən istifadəsi sonradan xoşagəlməz və acı nəticələrə gətirib çıxarmasın".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən