"Yaxşı dərslik də, gözəl məktəb də əsas deyil" - Emin Əmrullayev
"Yeni tədris ilinə qədəm qoyuruq. Təbii ki, yeni tədris ili yeni ümidlərlə və yeni istəklərlə, arzularla gəlir. Ama unutmayaq ki, tədris, təhsil elə bir sahədir ki, orada yəqin ki, 1 ilə 2 ilə böyük dəyişikliklər əldə etmək və böyük gözləntilər formalaşdırmaq doğru bir şey olmaz".
Redaktor.az xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev dedi.
"Biz uzun müddət müxtəlif alətlərdən danışa bilərik. Amma məqsədləri unudanda və yaxud da ki məqsədlər ilə alətlər arasında əlaqəni düz qurmayanda, onda prinsip etibarilə yerimizdə saya bilərik. Yəni bu yer dəyişməmiz çox az ola bilər, getdiyimiz məsafə uzun olmasına baxmayaraq. Bu nə deməkdir? Bu o deməkdir ki, təhsil sisteminin ümumiyyətlə əsas məqsədi nədir? Bu ən vacib yəqin ki, sualdır. Söhbət əgər ümumi təhsildən gedirsə, yəqin ki, biz növbəti nəslin, yani uşaqların öyrənməsindən danışırıq. Yəni əgər uşaqlar öyrənirsə, təlim nəticələri varsa, deməli təhsil yaxşıdır. Yox, təlim nəticələri aşağıdırsa, onda yaxşı dərsliyimizin olması və yaxud hansısa imtahanlarda, hansısa suallarda heç bir səhvin olmaması və yaxud hansısa məktəbdə yaxşı bir tədbirin keçirilməsi, hansısa məktəb binasının gözəl dizayn olunmasının bir o qədər əhəmiyyəti yoxdur. Bu çox vacibdir. Ama bunun əksi çox doğrudur ki, biz eyni zamanda anlamalıyıq ki, məhz yaxşı təhsil dediyim, yəni yüksək təlim nəticələri də öz-özünə olmur. Onlar məhz sadaladığım və sadalamadığım alətlərin nəticəsidir. Yəni çox vacibdir ki, başa düşək ki, nə vaxt bizim yaxşı təhsilimiz olacaq sualının cavabı bizim hansı alətlərdən necə və hansı şəkildə istifadə etməyimizdən asılıdır".
Aytəkin TOFİQQIZI













