"Alternativ təhlillər ortaya qoyulsun" - Nazirdən tənqidçilərə ÇAĞIRIŞ
"Dünyanın bir çox təhsil sistemləri var. Onların bəziləri kifayət qədər öz nailiyyətləri ilə digərlərindən seçilir. Həmin təhsil sistemlərinə baxmaq olar, biz başa düşə bilərik ki, məsələn, filan iqtisadiyyatda və yaxud ölkədə təhsil sistemi ona görə irəlidədir ki, onlarda bu bizdən fərqlidir və yaxud daha çoxdur, daha azdır məsələsi. Amma bu hələ demək deyil ki, bizdə də eyni olacaq. Çünki hər bir ölkənin, hər bir xalqın özünəməxsus milli xüsusiyyətləri də var".
Redaktor.az xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev dedi.
Nazirin sözlərinə görə, bəzi şeylər bizdə daha sürətli təsir edə bilər, bəzi şeylər bizdə daha işləməyə bilər və yaxud da bizim cəmiyyətimizdə qəbul olunmaya bilər:
"Bu, xüsusilə də müəyyən mənada, yəni islahatların ilk illərində bəzi fikirlərin daha ciddi müqavimətlə rastlaşması, düşünürəm, təbiidir. Çünki ənənəvi olaraq, məsələn, hətta tam səmimi deyim, 10 il bundan əvvəl, məsələn, bugünkü təsirlər ki, biz göstəririk məktəbdə, sinifdə müəllimin bu və ya digər davranışı hansı şəkildə təlim nəticəsinə təsir edir, bizim təhsil sistemimizin, mən elə başa düşürəm ki, uzun illər boyu belə məlumat sistemləri olmayıb. Biz hansısa bir təşəbbüsü ortaya qoyuruqsa və yaxud da onu icra etmək istəyiriksə, bunun arxasında mütləq ki, bir təhlil var və biz həmişə təhlili təqdim edirik. Təəssüf ki, bizim tənqidçilərimiz həmin təhlillərə hansısa alternativ təhlillər ortaya qoymurlar. Düşünürəm, bu olsa, biz təhsil sistemi olaraq bir addım da irəli gedə bilərdik. Çünki artıq daha maraqlı bir diskussiyanın şahidi ola bilərik".
O vurğuladı ki, dayanıqlılıq vacibdir:
"Bu nə deməkdir? Yəni gəlin 3 il bunu edək, sonra 2 il bunu edək, sonra 4 il bunu edək, sonra baxaq görək ki, 2 ildə bunu edəndə nə olur yanaşması ilə təhsil sistemini yaxşılaşdırmaq olmaz. Yəni bunu başa düşməliyik. Yəni bu pilot layihələr və s. Burada anlamaq lazımdır. Ardıcıl və arasıkəsilməzlik burada çox vacibdir. Məsələn, biz başa düşürük ki, məktəbəqədər təhsil təhsilin keyfiyyətini artırır və sadəcə olaraq 20 il məktəbəqədərin kəmiyyət və keyfiyyət göstəricilərini qaldırmalıyıq. Çünki onu bir ildə qaldırmaq olmur. Bizim başlanğıc nöqtəmiz o qədər aşağı olub ki, şərti olaraq 2015-ci ildən saysaq, 2016-dan biz başlamışıq deyə bu islahata, 14%-lik əhatəlilikdən 45%-ə gəlib çıxa bilmişik. Öz-özlüyündə buna 10 il vaxtımız gedib. Yəni bu say etibarilə 100 mindən artıq uşağın hər il məktəbəqədərə getməsi deməkdir.
Siz təxminən bu gün əgər biz 4-5 yaşlı uşaqdan danışırıqsa, onların ilk dəfı 9-cu sinif nəticələrini əgər 15 yaşında, 16 yaşında ölçürüksə, 15 yaşında ölçürüksə, şərti olaraq, yəni 4 yaşlı uşaq üçün bu 11 il sonradır. Əmək bazarı təxminən üstünə bir 10 il də gəlsəniz, 20 ildən sonradır. Yəni həmin uşağın valideyn kimi təhsilə təsiri 30-40 ildən sonradır. Ona görə davamlılıq və eyni istiqaməti düzgün etmək çox vacibdir. Yəni burada müxtəlif 30 müxtəlif şey etməkdənsə, 5 ən vacib işi ardıcıl və düzgün görmək daha vacibdir".
Aytəkin TOFİQQIZI













