“Müəllimin öz nitqi ən güclü nümunədir” – Şagirdlərin dil problemi ilə bağlı AÇIQLAMA
Təhsil işçilərinin sentyabr konfransında Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev şagirdlərin yazılı cavablarında Türkiyə türkcəsinə və bəzi hallarda rus dilinə aid sözlərdən istifadə olunmasının müşahidə edildiyini bildirib.
Bəs niyə şagirdlər yazılı və şifahi nitqində Türkiyə türkcəsi və rus sözlərindən istifadə edir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Əməkdar müəllim Sona Əliyeva bildirdi ki, şagirdlərin yazılı cavablarında Türkiyə türkcəsi və rus dilinə aid sözlərin işlənməsi, əslində, daha geniş bir problemin, cəmiyyətimizin gündəlik dil mühitinin dəyişməsinin göstəricisidir:
"Uşaq dili əsasən eşitdiyi, oxuduğu və gündəlik ünsiyyətdə istifadə etdiyi mühitdən mənimsəyir. Bu gün həmin mühitə ailə və məktəblə yanaşı, sosial media, yutub, seriallar və rəqəmsal məzmun da daxildir. Araşdırmalar da uşaqların dil inkişafında məhz dilə məruz qalmanın keyfiyyətinin və canlı ünsiyyətin əhəmiyyətini göstərir. Ona görə mübarizə sözlərlə yox, mövcud dil mühiti ilə aparılmalıdır.
İbtidai sinifdən müəllim uşağın səhvini sadəcə qeyd etməməli, düzgün ifadəni ona təbii şəkildə göstərməlidir. Oxu, danışıq, hekayə qurmaq, fikrini əsaslandırmaq kimi tapşırıqlar artırılmalı, uşağın Azərbaycan dilində söz ehtiyatı aktiv şəkildə zənginləşdirilməlidir. Müəllimin öz nitqi də burada ən güclü nümunədir".
Müsahibimiz əlavə etdi ki, valideynlər isə uşağın hansı məzmuna baxdığından daha çox, həmin məzmunun dilinə diqqət etməlidirlər:
"Evdə kitab oxumaq, uşaqla geniş söhbətlər aparmaq, fikrini cümlə ilə ifadə etməsinə imkan yaratmaq sadə, amma çox təsirli addımlardır. Ən əsası, uşağı başqa dildə işlənən bir sözə görə utandırmaq lazım deyil. Ona həmin fikrin Azərbaycan dilində daha dəqiq və zəngin necə ifadə oluna biləcəyini göstərmək lazımdır.
Çünki Azərbaycan dilini uşağa qorxutmaqla deyil, sevdirməklə və gündəlik həyatın canlı dilinə çevirməklə qorumaq mümkündür. Bunun məsuliyyəti yalnız müəllimin deyil. Ailə, məktəb, media və rəqəmsal məzmun istehsalçıları birlikdə bu dil mühitini formalaşdırırlar", - deyə S.Əliyeva yekunlaşdırdı.
Xədicə BAXIŞLI













