Magistratura təhsili 1 ilə endiriləcək? - AÇIQLAMA 

 13:19 14.09.2026     1620

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü deputat Ceyhun Məmmədov dünyada təhsil müddətinin azaldılması haqda prosesdən danışıb və qeyd edib ki, Azərbaycanda magistratura təhsilinin iki ildən bir ilə endirilməsi imkanına baxmaq olar. O bildirib ki, hər il Azərbaycanda magistratura səviyyəsində minlərlə boş yer qalır.

Bəs magistratura təhsili 1 ilə endirilə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdii ki, deputat Ceyhun Məmmədovun magistratura təhsilinin müddətinin 2 ildən 1 ilə endirilməsi barədə təşəbbüsü, qlobal təhsil trendləri və milli ali təhsil sisteminin struktur xüsusiyyətləri kontekstində son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, bu yanaşma əmək bazarının müasir tələblərinə cavab verən və sistemli elmi-pedaqoji prinsiplərə söykənən konseptual bir islahat xarakteri daşıyır:

"Ölkəmizin 2005-ci ildən etibarən inteqrasiya etdiyi Boloniya bəyannaməsi və Avropa Ali Təhsil Məkanı standartları 1 illik intensiv magistr proqramlarının (9-12 aylıq) tətbiqi üçün tam hüquqi və metodoloji zəmin formalaşdırır. Beynəlxalq təcrübədə magistratura səviyyəsi təqvimlə deyil, 90–120 ECTS (Avropa Kredit Transferi və Toplanması Sistemi) həcmi ilə qiymətləndirilir. Dünyanın aparıcı təhsil mərkəzlərindən hesab olunan Böyük Britaniyada dərslər, seminarlar və laboratoriya fəaliyyətləri yay semestrini də əhatə edən intensiv qrafiklə qurulur və 1 təqvim ili ərzində minimum 90 ECTS kreditinin qazanılmasını təmin edir. Oxşar şəkildə, ABŞ ali təhsil sistemində də tədris proqramlarının trayektoriyası xronoloji vaxtla deyil, çevik kredit saatları (30–36 US Credit) üzərindən hesablanır və bir çox tətbiqi magistr istiqaməti sürətləndirilmiş formatda 1 ilə təklif olunur. Regional təhsil bazarındakı cari meyil və rəqabətlilik, xüsusən də qonşu Gürcüstanın magistratura proqramlarının optimallaşdırılması yönündə atdığı hüquqi addımlar Azərbaycanın bu sahədə çevik qərarlar qəbul etməsini zəruri edir".

İlqar Orucovun fikrincə, yerli universitetlərdə 4 mindən çox magistratura yerinin boş qalması faktı struktur dəyişikliklərinin qaçılmaz olduğunu göstərir:

"Müasir gənclər üçün 2 il ərzində əmək bazarından kənarda qalmağın və potensial gəlir itkisinin alternativ dəyəri kifayət qədər yüksəkdir. Mövcud 2 illik model proqramın cəlbediciliyini zəiflədərək savadlı gənclərin ali təhsildən yayınmasına və ya təhsil üçün xaricə üz tutmasına rəvac verir. Nəzərdə tutulan islahatın beynəlxalq müstəvidə diplomların tanınması problemi yaratmaması və akademik keyfiyyəti zədələməməsi üçün magistratura səviyyəsinin beynəlxalq təsnifata uyğun diferensiasiyası şərtdir. Bu çərçivədə, tamamilə praktiki layihələrə, keys-stadilərə və əmək bazarının birbaşa tələblərinə əsaslanan peşəkar (tətbiqi/dərs əsaslı) magistratura proqramlarının müddəti 1 ilə (90 ECTS) endirilməlidir. Elmi fəaliyyətini gələcəkdə doktorantura səviyyəsində davam etdirmək istəyən, fundamental tədqiqat, arxiv araşdırması və dissertasiya müdafiəsi tələb edən akademik (tədqiqat əsaslı) magistratura istiqamətlərinin 1.5–2 illik (120 ECTS) strukturu isə qorunub saxlanılmalıdır".

Həmsöhbətimiz vurğuladı ki, təcrübəli elm və təhsil xadimi C.Məmmədovun bu təklifi sadəcə mexaniki zaman qısaldılması və zamana qənaət kimi dərk edilməməlidir:

"Bu təşəbbüsün reallaşması — kurikulumların yenidən qurulmasını, fənlərarası təkrarçılığın aradan qaldırılmasını, tələbələrin hərbi xidmət qrafiki ilə uzlaşdırılmasını və intensiv tədris metodologiyasının tətbiqini tələb edən institusional bir islahat çərçivəsidir. Təklif olunan model konseptual olaraq dəstəklənməlidir, çünki onun tətbiqi ölkədə insan kapitalının formalaşma sürətini artıracaq, ali təhsil müəssisələrinin maliyyə dayanıqlığını gücləndirəcək və milli təhsil sistemini qlobal rəqabətə daha davamlı edəcəkdir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən