"Müəllimlər şagirdlərə xəbərdarlıq etməlidirlər ki..." - AÇIQLAMA
"Biz demək olar ki, hər gün Türkiyə türkcəsinə və rus dilinə aid sözləri eşidirik və ya işlədirik. Bu da təəssüfləndirici bir məsələdir. Bütün hallarda dil mühitin məhsuludur. Yəni dil hansı mühitdə yaranırsa, o mühitin təsiri də həmin dildə duyulur. Təbii olaraq, biz də 70 il Sovet imperiyasının tərkibində yaşamışıq və istər-istəməz oradan bizə sözlər qalıb, biz də davamlı şəkildə həmin sözləri işlədirik".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyevin şagirdlərin yazılı cavablarında Türkiyə türkcəsinə və bəzi hallarda rus dilinə aid sözlərdən istifadə olunmasının müşahidə edildiyi barədə açıqlamasını şərh edərkən səsləndirdi.
Müsahibimizin fikrincə, bu məsələlər ilk olaraq ailədən başlayır:
"Uşaq dünyaya göz açır və ailədə davamlı olaraq rus kəlmələri, digər əcnəbi kəlmələri eşidir. Uşağın şüuraltında bu sözlər bir növ doğmalaşır. Dırnaqarası deyirəm, doğmalaşır və həmin sözləri istər-istəməz şagird öz leksikonuna salır və davamlı şəkildə o sözləri işlətməyə başlayır. Yavaş-yavaş da bunun nəticəsində dilimiz çirklənir, əcnəbi sözlər qatılır və bu, təbii ki, heç yolverilməz bir işdir. Mən düşünürəm ki, ilk olaraq ailələrdə bu işə diqqət yetirilməlidir. Daha sonra isə məktəbdə. Məktəbin də üzərinə böyük bir məsuliyyət düşür. Çünki məktəb şagirdin hər gün getdiyi bir yerdir, sosial bağlantılar burada baş verir".
Onun sözlərinə görə, əsasən dil müəllimləri və digər müəllimlər şagirdlərin nitqinə diqqət etməli, onları o sözlərdən təmizləmək üçün xəbərdarlıq etməlidirlər ki, həmin sözlər işlədilməsin:
"Bütün bunlarla yanaşı, şagird ibtidai sinifdən başlayaraq əvvəlcə milli filmlərə baxmalıdır. Məsələn, orada rus kəlmələri demək olar ki, işlədilmir. Sonra şifahi xalq nümunələrini öyrənməlidir, daha sonra bədii əsərlər, xırda-xırda hekayələr və daha sonra romanlar oxuduqca, mən hesab edirəm ki, bu sözləri aradan qaldırmaq olar.
Mən düşünürəm ki, biz müəllimlər, valideynlər bu işlə ciddi məşğul olsaq, o əcnəbi sözləri işlətməsək, təbii olaraq dilimiz zaman keçdikcə özünün, belə deyək də, o ilk nümunəsinə, yəni doğma saflığına qayıda bilər", - deyə Muradxan Hüseynov vurğuladı.
Xədicə BAXIŞLI













