"Şagirdlər dərsdə oyun oynayır, diqqət yayınır" - Nazirdən telefon qadağası ilə bağlı AÇIQLAMA
"Məktəblərdə smartfonlardan istifadə qadağan edilib və müəyyən mənada biz bunu niyə qadağan etmişik? Çünki düşünürük ki, smartfonlardan və yaxud da digər bu tipli cihazlardan istifadə şagirdlərin diqqətini yayındırır və diqqətdən yayınma öyrənməyə mənfi təsir edir".
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı dedi.
"Həqiqət də bundan ibarətdir ki, şagirdlərin müxtəlif cihazlardan istifadəsi kifayət qədər şagirdə mənfi təsir edir və bu, öyrənmənin keyfiyyətini aşağı salır, təhsilin keyfiyyətini aşağı salır. Bu, o deməkdirmi ki, uşaqlar ümumiyyətlə belə cihazlardan istifadə etməməlidir? Xeyr. Cavab nədən ibarətdir? Cavab ondan ibarətdir ki, öyrənmə məqsədi çox vacibdir, yəni nə üçün istifadə edilir. Tədqiqat onu göstərir ki, sadəcə kor-koranə bu və ya digər cihazdan istifadə və, yəni, məqsədsiz istifadə nə deməkdir? Bir var ki, siz əlinizdəki cihazdan istifadə edirsiniz ki, mən danışdıqlarımı ictimaiyyətə çatdırasınız. Bu, yaxşı haldır, onda mən danışığımı siz ictimaiyyətə çatdıracaqsınız. Bir də var ki, mən danışanda siz orada oyun oynayırsınız, onda ictimaiyyətə çatdırmayacaqsınız, yəni məqsəddən yayılıb. Təhsildə də eyni məsələdir. Yəni prinsipcə işin mahiyyəti bundan ibarətdir ki, əgər şagird bunu məqsədli istifadə edirsə — riyaziyyatı daha yaxşı öyrənmək üçün, bu və ya digər müəllimin dərsini dinləmədiyi üçün təkrar dinləmək üçün — bu, yəqin ki, faydalıdır. Amma məqsədsiz istifadə edirsə, sadəcə olaraq istifadə edirsə, oyun oynamaq üçün istifadə edirsə, bunun təhsillə heç bir əlaqəsi olmur və mənfi təsir edir".
Aytəkin TOFİQQIZI













