"Nazirliyi gözləməyin, problemləri özünüz həll edin" - Nazirdən məktəb direktorlarına XƏBƏRDARLIQ
"Biz birbaşa başa düşməliyik ki, dünyanın bir çox yerlərində həmişə şəhər yerlərində nəticələr kənd yerlərindən daha çox olur. Bu, təkcə Azərbaycanda belə deyil. Səbəb niyə belədir? Çünki birmənalı olaraq əhalinin təhsil səviyyəsi, sosial-iqtisadi imkanlar təhsilə təsir edir. Bu qaçılmazdır".
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı dedi.
"Bizim yanaşmamız ondan ibarətdir ki, biz çox yaxşı başa düşürük ki, hal-hazırda hansı bölgələrdə bizim kifayət qədər aşağı nəticələrimiz var, onların səbəbləri nədir. Göründüyü kimi, A — məsələn, burada bir neçə ciddi səbəb var: Müəllim hazırlığı çox vacibdir. Yəni biz həqiqətən də müəllim keyfiyyətini artırmalıyıq həmin yerlərdə. Nizam-intizam çox vacibdir. Məktəb nizam-intizamı işin əsasıdır. Nizam-intizam dediyim — davamiyyət, boş buraxılan dərslər, direktorların prosesə nəzarəti, direktor müavinlərinin öyrənməni bizdən əvvəl ölçməsi və bununla bağlı tədbirlər və s. Yəni həmişə gözləmək lazım deyil, nazirlik gəlib ölçəcək və tədbir görəcək. Yəni sistem belə işləyəndə işləmir, çünki nazirlik gedib bütün məktəbləri ölçüb qurtara bilməz. Burada vacib məsələ məktəb rəhbərlərinin, o cümlədən rəhbər müavinlərinin biz problemi tapmamışdan əvvəl tapıb həll eləmələridir. İnanıram ki, bu münasibəti biz gətirə bilsək və hədəfli şəkildə məktəb və bölgələrimizə toxuna bilsək, nəticələrimiz qalxacaq".
Aytəkin TOFİQQIZI













