40 min müəllimə süni intellekt imkanı verildi - Nazir AÇIQLADI
“Rəqəmsal Məktəb platforması çərçivəsində 40 min müəllimə süni intellektdən istifadə imkanı verilib. Platformada istifadə olunan süni intellekt agenti Azərbaycan təhsil sisteminə uyğunlaşdırılıb və müəllimlərin metodiki dəstək üçün ünvanladığı suallara Azərbaycan təhsil sisteminə uyğun cavablar təqdim edir”.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında Redaktor.az-ın əməkdaşının sualını cavablandırarkən bildirdi.
Nazir qeyd etdi ki, belə bir platforma ötən ildən mövcuddur:
“Rəqəmsal Məktəb çərçivəsində "Google Gemini" platformasında müəllimlər üçün istifadə imkanları yaradılıb. 40 min müəllimə bu imkanlardan istifadə etmək şəraiti yaradılıb. Burada əsas məsələ yalnız süni intellektdən istifadə üçün hansısa istifadəçi adı və ya giriş imkanı təqdim etmək deyil. Platformanın arxasında fəaliyyət göstərən süni intellekt agenti Azərbaycan təhsil sisteminə uyğunlaşdırılıb. Müəllim həmin agent, yəni köməkçi vasitəsilə hansı metodiki dəstəyi istəyirsə, ona verilən cavab Azərbaycan təhsil sisteminə uyğun təqdim olunur”.
Daha sonra Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov əlavə məlumat verdi:
“Cari ildə Rəqəmsal Məktəb platformasında həm "Google", həm də "Microsoft" şirkəti ilə birgə müəllimlər və şagirdlər üçün süni intellekt alətləri hazırlanıb. Həmin süni intellekt alətləri Azərbaycan bilik bazaları, yəni Azərbaycan təhsil bilik bazaları üzərində işləyir. Bu alətlər həm metodiki tədris, həm də kurikulum və məzmunla tanışdır. Buna görə də şagirdlər və müəllimlər tərəfindən verilən suallara Azərbaycan təhsil bilik bazası üzərində formalaşmış cavablar təqdim olunur”.
NURİYYƏ














