"Təcrübəli müəllimləri tələbələrin buraxılış imtahanı sisteminə cəlb etmək olmaz" - İlqar Orucov
"Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəylinin müəllimlərin sertifikasiya prosesinin ali təhsil müəssisələrinin buraxılış imtahanları ilə uzlaşdırılması barədə təklifi, təhsilin idarəedilməsi və maliyyənin səmərəli təşkili baxımından mühüm konseptual təşəbbüs olsa da, universitet qiymətləndirilməsinin sertifikasiyada deyil, məhz müəllimlərin işə qəbulu (MİQ) imtahanında ekvivalent meyar olaraq nəzərə alınması elmi və praktiki cəhətdən daha doğrudur. Bu yanaşma, bir tərəfdən dövlətin rəsmi olaraq verdiyi ali təhsil sənədinə - diploma olan ictimai etibarı bərpa və təsdiq edəcək, digər tərəfdən isə pedaqoji kadrlar hazırlayan universitetlərin məhz dövlət sifarişinə və tələb olunan peşəkar səriştələrə uyğun kadr hazırlığını təmin etməsini stimullaşdıracaq".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov səsləndirdi.
"Məsələyə elmi-metodoloji analitik müstəvidə yanaşdıqda, hörmətli Elçin müəllimin təklifi dövlət büdcəsinə qənaət edilməsi və təkrar imtahan yükünün azaldılması baxımından praqmatik xarakter daşısa da, pedaqoji ölçmə-qiymətləndirmə nəzəriyyəsi baxımından ciddi risklər yaradır. Çünki sertifikasiya - fəaliyyətdə olan, illərin təcrübəsinə malik müəllimlərin dövri peşəkarlıq dinamikasını və müasir təhsil texnologiyalarına adaptasiyasını ölçən müstəqil bir monitorinq mexanizmidir; bu səbəbdən karyerasının fərqli mərhələlərindəki təcrübəli müəllimləri tələbələrin buraxılış imtahanı sisteminə cəlb etmək qiymətləndirmə fəlsəfəsinə tamamilə ziddir və təhsildə peşəkar durğunluğa yol aça bilər. Bunun əksinə olaraq, universitet qiymətləndirilməsinin məhz MİQ mərhələsində peşəyə keçid lisenziyası kimi qəbul edilməsi modeli həm hədəf, həm də zaman baxımından tamamilə əsaslandırılmışdır; çünki hər iki proses peşəyə ilk dəfə qədəm qoyan yeni məzunların ilkin nəzəri və pedaqoji hazırlığını eyni zaman kəsiyində qiymətləndirir", - deyə o bildirdi.
Müsahibimiz qeyd etdi ki, dövlət adından diplom verən bir ali təhsil müəssisəsinin daxili qiymətləndirməsini yetərli saymayb, məzunu məktəbə qəbul üçün dərhal ikinci bir kütləvi test imtahanına (MİQ-ə) cəlb etmək ali təhsil diplomunun hüquqi nüfuzunu kölgədə qoyduğu üçün, universitetlərin buraxılış imtahanlarının mərkəzləşdirilmiş milli standartlar əsasında keçirilərək həm diplomun verilməsi, həm də gənc müəllimin birbaşa fəaliyyətə başlaması üçün vahid hüquqi lisenziya rolunu oynaması təhsil islahatlarında funksional fərqləndirməni düzgün təmin edir.
İ.Orucov hesab edir ki, fəaliyyətdə olan müəllimlərin dövri inkişafını yoxlayan sertifikasiya prosesinin müstəqil funksiyasını qoruyub saxlamaqla, universitet imtahanlarının nəticələrini məhz MİQ müstəvisində əvəzedici hüquqi əsas kimi tanımaq həm ali təhsilin cəmiyyətdəki statusunu bərpa edir, həm ali məktəbləri öz məzunlarının keyfiyyətinə və işlə təminat göstəricilərinə görə birbaşa institusional məsuliyyət daşımağa məcbur edir, həm də dövlət resurslarının optimallaşdırılması hədəfinə daha təhlükəsiz və səmərəli şəkildə xidmət edir.
Xədicə BAXIŞLI













