Məktəbin qapısından keçməyən şagirdlər: 9-11-ci siniflərdə nə baş verir?

 18:02 16.09.2026     60

Son illərdə yuxarı sinif şagirdlərinin məktəbə davamiyyəti ilə bağlı müxtəlif problemlər gündəmə gəlir. Xüsusilə 9, 10 və 11-ci siniflərdə bəzi şagirdlərin dərslərdə mütəmadi iştirak etmədiyi, əsas diqqəti isə repetitor yanına hazırlığa yönəltdiyi bildirilir. Bəzi hallarda şagirdlərin məktəbə yalnız formal olaraq qeydiyyatda olduğu ilə bağlı iddialar da səsləndirilir.

Bəs yuxarı siniflərdə məktəbə davamiyyətin aşağı olmasının əsas səbəbləri nələrdir və bu problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi ki, hazırda bununla bağlı vəziyyətin təmayül məktəbləri vasitəsilə müəyyən qədər yaxşılaşacağı gözlənilir:

"Hazırkı vəziyyətdə çoxlu şagird var ki, 10-11-ci, hətta 9-cu sinifdə məktəbə getməyin vaxt itkisi olduğunu düşünür. Çünki müxtəlif dərslərə qoşulmaq, digər fənlərin tələblərini yerinə yetirmək uşaqlara əngəl olur və onlar universitetə hazırlaşa bilmirlər. Tələbələr, xüsusilə abituriyentlər hazırlığa gedirlər. Deyirlər ki, orta məktəbdə bizim universitetə hazırlaşmağa vaxtımız olmur. Həm də müəllimlər 20-25 nəfərin, 30 nəfərin arasında yaxşı dərs öyrədə bilmirlər. Bir qisim uşaq oxumaq istəyir, bir qisim isə oxumaq istəmir. Belə mühitdə də, əlbəttə, universitetə hazırlaşmaq çətindir. Ona görə də oxumaq istəyən uşaqlar adlarını məktəbə yazdırırlar, amma məktəbə getmirlər. Bu, uzun illərdir ki, Azərbaycanda davam edən bir ənənədir, təəssüf ki".

Müsahibimiz əlavə etdi ki, indi həmin vəziyyəti yaxşılaşdırmaq üçün təmayül məktəbləri açılır:

"Təmayül məktəbləri əgər özünü doğruldarsa, o zaman təmayül məktəbinə gedən uşaq repetitora getməyəcək. Məktəb onun tələblərini yerinə yetirəcəyi üçün artıq repetitorluq azalacaq və məktəbə davamiyyət artacaq. Amma bu, o demək deyil ki, təmayül məktəbinə gedənlərin arasında repetitora gedən olmayacaq. Yenə də olacaq. Niyə? Çünki bir qisim şagirdlər sinif mühitində öyrənə bilmirlər. Onlar fərdi nəzarət, fərdi qayğı və fərdi diqqət istəyirlər. Ona görə də yenə onların arasından repetitora gedənlər olacaq.

Amma istər-istəməz bu, nisbətən də olsa, məktəbə adını yazdırmaq ənənəsinin qarşısını alacaq. Hətta özəl məktəbə belə adını yazdıran insanlar var idi. Düşünə bilirsinizmi? Yəni özəl məktəbdə adı gedir, amma məktəbə getmir. Bu qədər deyək ki, Azərbaycanda təhsillə bağlı qəribə vəziyyətlər var. Amma düşünürəm ki, əgər məktəb mühiti şagirdin öyrənməsinə uyğun şərait yarada bilsə, o zaman repetitorluq aradan qalxar, davamiyyət isə artar".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən