Türkiyə-Azərbaycan Universitetində yeni tədris ili başladı - FOTO
Türkiyə-Azərbaycan Universitetində (TAU) 2026/2027-ci tədris ilinin başlanmasına həsr olunmuş Bilik Günü tədbiri keçirilib.
Redaktor.az xəbər verir ki, əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyev və Mustafa Kamal Atatürk xatirəsinə ehtiram ifadə olunub. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirin açılışında Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək Türkiyə-Azərbaycan Universitetinin iki qardaş ölkə arasında strateji əməkdaşlığın təhsil sahəsində mühüm nümunələrindən biri olduğunu bildirib. O qeyd edib ki, universitet gələcəkdə ölkənin inkişafına töhfə verəcək peşəkar və beynəlxalq səviyyəli kadrların hazırlanmasında mühüm rol oynayacaq.
TAU-nun rektoru Nəcibə Nəsibova 2026/2027-ci tədris ilinin başlanması münasibətilə professor-müəllim heyətini və tələbələri təbrik edib. Rektor bildirib ki, iki dövlət başçısının təşəbbüsü ilə yaradılan universitet Azərbaycan gənclərinə ölkə xaricinə getmədən Türkiyənin aparıcı ali təhsil müəssisələrinin – Orta Doğu Texnik Universiteti (ODTÜ), İstanbul Texnik Universiteti (İTÜ) və Hacettepe Universitetinin akademik təcrübəsindən yararlanmaq imkanı verir.
Nəcibə Nəsibova qeyd edib ki, TAU yalnız kadr hazırlığı həyata keçirən ali təhsil müəssisəsi kimi deyil, perspektivdə Azərbaycan və Türkiyənin elm, innovasiya və texnologiya sahələrində əməkdaşlığını daha da dərinləşdirən mühüm mərkəz kimi inkişaf edəcək.
Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın son illərdə yeni mərhələyə qədəm qoyduğunu bildirib. Nazir müavini Türkiyənin aparıcı universitetləri ilə əməkdaşlığın, birgə təhsil təşəbbüslərinin və beynəlxalq akademik imkanların genişləndirilməsinin gənclərin müasir tələblərə uyğun mütəxəssis kimi hazırlanmasına mühüm töhfə verdiyini qeyd edib.
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin iki ölkə arasında təhsil və elm sahəsində əməkdaşlığın mühüm nümunələrindən biri olduğunu vurğulayıb. O bildirib ki, Türkiyənin aparıcı universitetlərinin Azərbaycanın ali təhsil müəssisələri ilə birgə tədris prosesinə cəlb olunması akademik mobilliyin, beynəlxalq inteqrasiyanın və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından geniş imkanlar yaradır.
Nazir müavini müasir texnologiyalar və süni intellektin sürətli inkişafının ali təhsil qarşısında yeni çağırışlar yaratdığını diqqətə çatdırıb. O qeyd edib ki, rəqəmsal və robotlaşdırılmış sistemlərin genişləndiyi bir dövrdə gənclərin bu sahələr üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, gələcəyin texnoloji çağırışlarına hazır mütəxəssislərin hazırlanması xüsusi əhəmiyyət daşıyır. Firudin Qurbanov TAU-da bu istiqamətlərə üstünlük verilməsini əhəmiyyətli addım kimi qiymətləndirib.
Tədbirdə digər çıxış edənlər – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan, millət vəkilləri Əhliman Əmiraslanov və Zahid Oruc, TÜİB sədri Hüseyn Büyükfırat və TAU-nun Kompüter mühəndisliyi proqramının rəhbəri Ahmet Coşar Türkiyə-Azərbaycan Universitetinin iki ölkə arasında təhsil və elm əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulayıb, universitetin akademik və innovativ potensialından, eləcə də müasir tələblərə uyğun kadr hazırlığı imkanlarından danışıblar. Çıxışlarda TAU-da Azərbaycan və Türkiyənin akademik təcrübəsinin bir araya gətirilməsinin, professor-müəllim heyətinin birgə fəaliyyətinin və sənaye ilə əməkdaşlığın gələcəkdə təhsil, elm və innovasiya əlaqələrinin daha da gücləndirilməsinə töhfə verəcəyi qeyd olunub.
Tədbirdə TAU-nun qəbul imtahanlarında ən yüksək nəticə göstərən tələbəsi Fatimə Hacıməmmədli də çıxış edib. 667,5 bal toplayaraq universitetə qəbul olan tələbə TAU-nun nəzəri biliklərlə yanaşı, praktiki təcrübə, elmi tədqiqat və innovativ düşüncə imkanları yaratdığını qeyd edib.
Tədbirin sonunda qəbul imtahanlarında ən yüksək nəticə göstərən tələbələr müxtəlif hədiyyələrlə mükafatlandırılıb.




























