"Yalnız texnoloji startaplar bəs etmir" - Beynəlxalq mütəxəssisdən Azərbaycan üçün vacib ÇAĞIRIŞ
“Burada olunan çağırış yalnız gələcəyin bacarıqlarını müəyyən etməkdən ibarət deyil. Bu, həm də insanlara bu bacarıqları əldə etməyə imkan verən sistemlərin yaradılması ilə bağlıdır”.
Redaktor.az xəbər verir ki, bu fikirləri “SABAH.city” innovasiyalar mərkəzində beynəlxalq təhsil, bacarıqların inkişafı və öyrənmə sahəsində fəaliyyət göstərən mütəxəssis və məsləhətçi Alison Eaglesham dedi.
O vurğuladı ki, forumun “Gələcəyin İşləri” hesabatında qeyd olunur ki, işəgötürənlərin 60 faizi bacarıq çatışmazlığını biznesin transformasiyası yolunda əsas maneə hesab edir:
“Hökumətlər, biznes subyektləri və təhsil müəssisələri insanların bu imkanları inkişaf etdirə bilmələrini və onları məhsuldar və yenilikçi yollarla tətbiq edə bilmələrini təmin etmək üçün birgə çalışmalıdırlar. Elə buna görə də “Baku ID” bu günkü müzakirələr üçün doğru platformadır. Sahibkarların, investorların, texnologiya şirkətlərinin, hökumətlərin və akademik dairələrin böyük bir startap və innovasiya toplanışı olan “Baku ID”, gələcəyin bacarıqlarının yaradıldığı, sınaqdan keçirildiyi və tətbiq olunduğu tam bir ekosistemi təmsil edir. “Azerbaijan Skills Accelerator”ın (Azərbaycan Bacarıqlar Sürətləndiricisi) tədbirini burada keçirmək mühüm bir mesaj verir. İnnovasiya iqtisadiyyatını qurmaq yalnız texnoloji startaplar və investisiyalarla bağlı deyil, bu, həm də onların arxasında duran istedad və bacarıqların inkişaf etdirilməsi ilə bərabər dərəcədə bağlıdır.
Məhz buna görə də biz bu gün “Baku ID”də ekosistemin tərəfdaşlarını bir araya gətiririk ki, ilk növbədə Azərbaycanın növbəti nəsil şirkətlərinin və sənayelərinin hansı bacarıqlara ehtiyacı olacağını, daha sonra isə işçi qüvvəsini gələcəyə hazırlamaq üçün hansı struktur dəyişikliklərinin tələb olunduğunu müzakirə edək. İndi isə bu iddialı məqsədi praktiki fəaliyyətə çevirmək üçün bizə öncəliklə bacarıqlar mənzərəsini aydın başa düşmək lazımdır: ən mühüm boşluqlar haradadır, artıq nə işləyir və əməkdaşlıq harada ən böyük fərqi yarada bilər”.
NURİYYƏ













