"Rəqəmsal Bacarıqlar layihəsi artıq 600 min şagirdi əhatə edir" - Emin Əmrullayev
“Düşünürəm ki, bütün istiqamətlər üzrə kifayət qədər aydın irəliləyiş əldə etdiyimizi deyə bilərik. Yenə yaxşı nümunə kimi 10 ildən çox əvvəl Rəqəmsal Bacarıqlar layihəsinə başlayanda bunu cəmi 5 min şagirdlə həyata keçirdiyimizi qeyd edə bilərəm. İndi isə biz 600 min şagirdə çatmışıq ki, bu da Azərbaycanın ümumi təhsil sistemindəki bütün şagirdlərin, demək olar ki, yarısıdır”.
Redaktor.az xəbər verir ki, bu fikirləri “SABAH.city” innovasiya şəhərciyində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev bildirdi.
O həmçinin vurğuladı ki, Azərbaycanda STEAM istiqamətinə başlayanda bu, cəmi 50-yə yaxın məktəbi və bir neçə min şagirdi əhatə edirdi:
“İndi isə 300 mindən çox şagirddən danışırıq. Yəni əsas məsələ daha kiçik addımlarla başlayıb, daha sonra bunu geniş miqyasda tətbiq etməkdir. Eyni zamanda fundamental məsələlərə də nəzər saldıqda, son PISA nəticələrimiz bizə harada olduğumuzla bağlı kifayət qədər yaxşı mənzərə yaradır. Riyaziyyat, mənim fikrimcə, kifayət qədər yaxşı nəticələr göstərdiyimiz istiqamətlərdən biridir. Xüsusilə Bakı üzrə göstəricilər, əhali və ölçü baxımından müəyyən ölkələrlə müqayisə oluna bilər”.
NURİYYƏ













