Rövşən Nəcəf “SABAH.city”də texnoloji gələcəkdən və kibertəhlükəsizlikdən DANIŞDI
“Bu yaxınlarda bir məqalə oxudum. Orada qeyd olunurdu ki, Yaponiyada 100 yaş və daha yuxarı insanların sayı artıq 100 min nəfəri keçib. Beləliklə, qısamüddətli, ortamüddətli və uzunmüddətli dövrün tərifi dəyişir. Bu mənada ömürboyu öyrənmə çox, çox vacib məsələyə çevrilir. Yenə də avtomatlaşdırma, robototexnika, süni intellekt”.
Redaktor.az xəbər verir ki, bu fikirləri “SABAH.city” innovasiya şəhərciyində SOCAR prezidenti Rövşən Nəcəf bildirdi.
O düşünür ki, kibertəhlükəsizlik, immersiv incəsənət kimi qeyd olunan süni intellekt də vacibdir:
“Amma biz bu məsələnin bütün miqyasını və əhatə dairəsini tam anlamırıq. Kibertəhlükəsizliklə bağlı yaxın zamanda belə hallar oldu ki, kibertəhlükəsizliyin nə olduğunu bilən insanlar belə səhvlərə yol verirdilər. Məsələn, xidmətdə və ya vəzifə başında olarkən izləmə tətbiqindən istifadə edir və bununla da düşmənə öz yerləşdikləri ərazini göstərirdilər. Bu, əvvəllər düşünmədiyimiz və bir çox insanın hələ də düşünmədiyi məsələdir.
Bu mənada, bütün səviyyələrdə, o cümlədən peşə təhsilində əsas bacarıqlar nələr olmalıdır? Məncə, bu, uyğunlaşma bacarığı olacaq. Müxtəlif şəraitlərə uyğunlaşmaq və fərqli vəziyyətlərdə fərqli şəkildə fəaliyyət göstərə bilmək lazımdır”.
NURİYYƏ













