Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
"Birinci kurs tələbələrinin hədələnməsi ilə bağlı yayılan görüntülər ciddi narahatlıq doğurur. Tələbələrin təhlükəsizliyinin təmin edilməsi və universitet daxilində sağlam təhsil mühitinin qorunması, şübhəsiz ki, vacib məsələdir. Lakin belə hallarda yalnız tələbənin universitetdən xaric edilməsi ilə kifayətlənmək doğru yanaşma olmaya bilər. Çünki bir universitetdə tətbiq olunan bu cür sərt qərar digər ali təhsil müəssisələri üçün də presedent yarada və gələcəkdə oxşar hallarda eyni üsula müraciət edilməsinə səbəb ola bilər".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov feysbuk hesabında yazıb.
"Xarici ölkələrin bir sıra universitetlərinin intizam qaydalarında da hədə-qorxu və fiziki təhlükə ilə bağlı davranışlar ciddi pozuntu hesab olunur. Bununla yanaşı, cəza tədbirləri adətən hadisənin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq mərhələli şəkildə müəyyən edilir. Xəbərdarlıq, intizam tədbiri, müəyyən müddətə təhsildən və ya kampusdan uzaqlaşdırma kimi tədbirlərdən sonra, daha ağır hallarda universitetdən xaricetmə tətbiq oluna bilər.
Bu baxımdan, intizam tədbiri görülərkən hadisənin bütün halları, şəxsin davranışının xarakteri, real təhlükənin olub-olmaması və digər mühüm məqamlar hərtərəfli araşdırılmalıdır. Məqsəd yalnız cəzalandırmaq deyil, həm də tələbənin səhvini anlamasına, davranışını düzəltməsinə və təhsilini davam etdirməsinə imkan verən mexanizmləri nəzərə almaq olmalıdır.
Universitetlər tələbələrin təhlükəsizliyini qorumalı, hədə-qorxu və zorakı davranışlara qarşı prinsipial mövqe nümayiş etdirməlidirlər. Eyni zamanda, intizam qərarları ədalətli, ölçülü və fərdi yanaşma əsasında qəbul edilməlidir. Universitetdən xaricetmə isə hər bir halda avtomatik tətbiq olunan deyil, ən ağır intizam tədbirlərindən biri kimi nəzərdən keçirilməlidir".













