"Məktəbi şagird üçün yalnız dərs keçilən məkan kimi görməməliyik" - Günay Əkbərova

 17:34 17.09.2026     59

"Mən düşünürəm ki, davamiyyət məsələsinə yalnız “şagird niyə məktəbə gəlmir?” sualı ilə yanaşmaq kifayət etmir. Əsas məsələ onun məktəbə gəlməməsinin səbəbini vaxtında müəyyənləşdirməkdir. Çünki səbəb hər uşaqda eyni olmaya bilər. Bəzən ailə nəzarətinin zəif olması, bəzən dərsə marağın azalması, akademik çətinliklər, psixoloji problemlər, hətta məktəbə gedib-gəlmə ilə bağlı sosial və nəqliyyat məsələləri buna təsir edə bilər".

Bu fikirləri Redaktor.az-a məktəblərdə şagirdlərin davamiyyəti haqqında danışan Zəngilan şəhəri 33 nömrəli məktəbin ingilis dili müəllimi, Elm vəTəhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova səsləndirdi.

O, bütün məktəblərdə kütləvi şəkildə davamiyyət probleminin olduğunu deməyi doğru hesab etmir:

"Davamiyyəti yaxşılaşdırmaq üçün isə məncə, ilk növbədə erkən xəbərdarlıq sistemi gücləndirilməlidir. Şagird ardıcıl olaraq dərs buraxmağa başlayırsa, bunu aylarla gözləmədən sinif rəhbəri, məktəb rəhbərliyi, psixoloq və valideyn birlikdə səbəbi araşdırmalıdır. Valideyn də övladının davamiyyəti barədə vaxtında məlumatlandırılmalıdır. Rəqəmsal sistemlərin genişlənməsi burada çox faydalı ola bilər. Digər tərəfdən, məktəbi şagird üçün yalnız dərs keçilən məkan kimi görməməliyik. Uşaq məktəbdə özünü rahat hiss etməli, müəllimlə münasibəti sağlam olmalı, marağına uyğun fəaliyyətlərə, layihələrə, klublara qoşula bilməlidir. Xüsusilə yuxarı siniflərdə şagird “Mən niyə hər gün məktəbə gəlməliyəm?” sualının cavabını tədrisin özündə görməlidir".

Onun sözlərinə görə, təmayül və profil siniflərin, fərqli təhsil istiqamətlərinin yaradılması da bu baxımdan faydalıdır:

"Amma düşünürəm ki, yalnız təmayül məktəbləri yaratmaqla məsələni həll etmək olmaz. Hər məktəbdə şagirdin marağını, bacarığını və gələcək planlarını nəzərə alan daha çevik öyrənmə mühiti formalaşdırılmalıdır. Ən əsası isə davamiyyəti yalnız cəza və inzibati nəzarətlə artırmağa çalışmamalıyıq. Nəzarət mütləq olmalıdır, amma onun yanında məktəb-valideyn əməkdaşlığı, psixoloji dəstək, şagirdin motivasiyası və dərsin keyfiyyəti də dayanmalıdır. Məncə, uşaq məktəbə məcbur olduğu üçün deyil, orada öyrənməyin onun üçün həqiqətən faydalı olduğunu hiss etdiyi üçün gələndə daha dayanıqlı nəticə əldə etmiş oluruq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən