"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
"Orta ümumtəhsil məktəblərində güclü şagirdlərlə yanaşı, zəif şagirdlərin də olması, əlbəttə ki, mövcuddur. Hər bir orta ümumtəhsil məktəbində zəif şagirdlərlə əlavə məşğələlərin keçirilməsi mütləqdir. Sinifdə istər-istəməz tədris prosesini yaxşı mənimsəyən və yaxud zəif mənimsəyən şagirdlər olacaq. Hər bir fənn üzrə elə şagird olacaq ki, bir fəndən potensialı, qabiliyyəti daha yaxşıdır, digər fəndən isə zəifdir. Və yaxud bir neçə fəndən daha yaxşıdır, bir neçə fəndən zəifdir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında məktəblərdə zəif oxuyan şagirdlərin nəticələrini yaxşılaşdırmaqdan danışan təhsil eksperti Ramin Nurəliyev səsləndirdi.
Müsahibimiz nəzərə çatdırdı ki, həmin şagirdlərin müəyyən qədər nəticələrinin yaxşılaşdırılması istiqamətində əlavə dərslər təyin olunmalı, müəllimlər tərəfindən həmin zəif şagirdlər müəyyənləşdirilməli və əlavə dərslərə cəlb olunmalıdır:
"Tutaq ki, Azərbaycan dili fənnindən müəllim “isim” mövzusunu keçdi. Müəllim həmin mövzu üzrə tapşırıq verdiyi zaman baxıb görür ki, sinifdə 30 uşaq varsa, 10 uşaq zəif nəticə göstərib. Həmin 10 uşağa əlavə vaxt ayırıb dərsi yenidən izah edə, başa sala və keçə bilər. Hətta keçməlidir də. Belə desək, daha doğru olar. Ona görə də bizdə orta ümumtəhsil məktəblərində əlavə dərslərlə bağlı müəyyən təşəbbüslər formalaşdırılmalı, əlavə dərslər üçün müəyyən qədər ödənişlər təsis edilməli və müəllimlərin zəif şagirdlərə əlavə dərs keçməsi üçün münbit şərait yaradılmalıdır. O zaman, bəli, zəif şagirdlərin müəyyən qədər inkişaf edərək yaxşı nəticə göstərən şagirdlərə çatdırılması mümkün ola bilər".
R.Nurəliyev bunun yoxlanma mexanizmindən də danışdı:
"Misal üçün, müəllim ev tapşırığı verib. Ev tapşırığına müəyyən qədər səhlənkar yanaşan şagirdlər ola bilər. Müəllim müəyyən edir ki, bu şagird bu mövzularda müəyyən qədər çətinlik çəkir. Həmin mövzu üçün əlavə vaxt təyin edib mövzunu təkrar şagirdlərə izah edə bilər, keçə bilər. Yaxud da aylıq sınaq imtahanlarına göndərib, sınaq imtahanlarında şagirdlərin ümumi vəziyyətini müəyyənləşdirərək zəif nəticə göstərən şagirdlərlə əlavə məşğələlər keçirə bilər.
Amma həqiqətən də baxırsan ki, bəzi fənlər üzrə şagirdlərdə ümumiyyətlə vəziyyət çox bərbaddır. Amma bu bərbad vəziyyət o qədər də nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir. Əslində, narahat etməlidir. Çox təəssüflər olsun ki, bizdə hazırda zəif şagirdlər istiqamətində atılan addımlar, demək olar ki, çox az məktəbdə var. Bu istiqamətdə həmin şagirdlərə zəif nəticə göstərdikləri mövzular üzrə əlavə dərslərin keçirilməsi onların nəticələrinə də müəyyən qədər müsbət təsir göstərə bilər".
NURİYYƏ













