Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI

 12:33 18.09.2026     206

Xəbər verdiyimiz kimi, “2026 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində bildirilir ki, Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər 20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Formula 1 yarışının keçirildiyi müddətdə paytaxtın mərkəzi hissəsində hərəkətin məhdudlaşdırılması ilə yanaşı, həmin ərazilərdə yerləşən təhsil müəssisələrinin fəaliyyəti də gündəmə gəlir.

Belə ki, əvvəlki illərdə Bakı Şəhər Halqasının əhatə etdiyi ərazilərdə yerləşən bir sıra məktəblərdə dərslər yarış günləri ilə əlaqədar distant formada təşkil olunub. Bu qərarın əsas səbəbləri sırasında nəqliyyat məhdudiyyətləri, məktəblərə gediş-gəlişin çətinləşməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi göstərilib. 

Bəs 2026-cı ildə Formula 1 ilə əlaqədar həmin məktəblərdə də distant təhsil tətbiq olunacaqmı?

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Redaktor.az-a bildirildi ki, hazırda bununla bağlı rəsmi qərar yoxdur. Qərar qəbul ediləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.

Bununla belə, əldə etdiyimiz məlumata görə, Bakı Şəhər Halqasının əhatə etdiyi ərazilərdə yerləşən bir sıra məktəblərdə dərslərin 21 sentyabrdan etibarən distant formada keçirilməsi, tədrisin isə 29 sentyabradək bu qaydada davam etdirilməsi nəzərdə tutulur.

Distant təhsilə keçiriləcəyi bildirilən təhsil müəssisələrinin siyahısı belədir:

  • 132-134 nömrəli lisey;
  • 6 nömrəli məktəb-lisey;
  • 7 nömrəli məktəb;
  • 8 nömrəli məktəb;
  • 160 nömrəli Klassik Gimnaziya;
  • Elitar Gimnaziya;
  • 189-190 nömrəli məktəb;
  • 2 nömrəli texniki-humanitar lisey;
  • 147 nömrəli texniki-humanitar lisey;
  • 27 nömrəli məktəb;
  • 1 nömrəli məktəb.

Qeyd edək ki, “2026 Formula 1 Azərbaycan Qran Prisi”nin keçirilməsi ilə əlaqədar Bakı şəhərinin mərkəzində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması 20-28 sentyabr tarixlərini əhatə edəcək.

Məktəblərin distant təhsilə keçirilməsi ilə bağlı qərarın rəsmi şəkildə təsdiqlənməsi və ya siyahıda dəyişiklik edilməsi halında əlavə məlumat veriləcək.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən