Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA

 17:45 18.09.2026     135

Məktəblərdə şagirdlərin dərs yükü ilə bağlı müzakirələr hər tədris ilində gündəmə gələn məsələlərdəndir. Xüsusilə bəzi ümumtəhsil müəssisələrində 6-7-ci siniflərdən etibarən dərslərin 8-ci saata qədər davam etməsi şagirdlərin gün ərzində məktəbdə keçirdiyi vaxtı artırır. Bu isə uzunmüddətli dərs rejiminin uşaqların fiziki və zehni yorğunluğuna təsiri ilə bağlı suallar yaradır.

Bəs 6-7-ci sinifdən etibarən şagirdlərin 8-ci saata qədər dərsdə olması onların üzərində əlavə yük yaradırmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, orta ümumtəhsil məktəblərində gündə 6 dərsdən artıq dərs saatının müəyyənləşdirilməsi düzgün deyil:

"Tədris proqramına baxsaq, əgər proqram, tutaq ki, 30, 31, 32 və ya 33 saatı əks etdirirsə, bunu müəyyən qədər nizamlayaraq 30 saata çatdırmaq və həftənin 5 gününün hər birində maksimal 6 dərs saatı müəyyənləşdirmək olar. Əgər həftəlik dərs saatı 31-32 saatdırsa, bəzi günlərdə son saatlara idman, texnologiya kimi dərsləri salmaq mümkündür. Hesab edirəm ki, bizdə dərs cədvəlinin tənzimlənməsində məktəb rəhbərlikləri tərəfindən müəyyən səhlənkarlıqlar və problemlər də mövcuddur.

Baxırsan ki, şagirdin 6 saat dərsi var və həmin 6 saatın 5-i əsas fənlərə ayrılıb. Əslində belə olmamalıdır. Əgər 6 saat dərs varsa, bunu 3 saat əsas, 3 saat isə köməkçi fənlər olmaqla bölmək olar. Yaxud 4 əsas, 2 köməkçi fənn prinsipi ilə tənzimləmək mümkündür. Daha ağır dərsləri, xüsusilə riyaziyyat, fizika, kimya kimi əsas fənləri ilk saatlara salmaq lazımdır ki, şagird təmiz və yeni başlamış halda bu dəqiq və texniki fənlərə daha yaxşı adaptasiya ola, onları daha yaxşı öyrənə bilsin".

Ekspert qeyd etdi ki, son dərs saatlarında şagirdlərdə artıq müəyyən yorğunluq yaranır.

"Buna görə də həmin saatlarda xüsusilə idman, hərbi hazırlıq, texnologiya kimi dərsləri, eləcə də rəsm və digər bu tip fənləri keçmək daha məqsədəuyğun olar", - deyə Ramin Nurəliyev əlavə edib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən