"Elə bir qiymətləndirmə prosesi olmalıdır ki, yalnız məktəb daxilində həyata keçirilsin" - AÇIQLAMA

 14:12 21.09.2026     137

"Artıq bir neçə gündür ki, 2026-2027-ci tədris ili başlayıb. Buna baxmayaraq, bəzi şagirdlərin ali təhsil müəssisələrinə qəbul, buraxılış imtahanı, eləcə də blok imtahanına hazırlıqla bağlı məsələlərə görə müvafiq hazırlıqlara getməsi məktəbə davamiyyətə, təbii ki, öz mənfi təsirini göstərir".

Bu sözləri şagirdlərin davamiyyəti haqqında Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi.

O vurğuladı ki, bunun qarşısını almaq üçün son dövrlər Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən pilot layihələr tətbiq olunur. Onlardan biri də təmayülləşmə modelidir:

"Bu ildən etibarən, demək olar ki, bir çox məktəbdə tətbiq olunmağa başlanılıb. Burada şagirdlərin gələcəkdə seçəcəkləri müxtəlif istiqamətlər üzrə hazırlıqları konkret olaraq müvafiq məktəblərdə aparılır. Düzdür, bu model bütün şagirdləri əhatə etmir. Əsasən buraxılış imtahanlarında yüksək nəticə göstərən və 10-11-ci siniflərdə təhsil alan şagirdləri əhatə edir.

Amma buna baxmayaraq, təbii ki, digər şagirdlər də müvafiq hazırlıqlara üz tuturlar. Elə bir qiymətləndirmə prosesi olmalıdır ki, yalnız məktəb daxilində həyata keçirilsin. Qiymətləndirmə prosesi məktəb daxilində həyata keçirildiyi zaman, təbii ki, həmin davamiyyət məsələsi də yaxşılaşa bilər. Hazırda ölkəmizdə, demək olar ki, 600 min şagird təhsil alır. Onların yuxarı təhsil pilləsində, yəni 9, 10 və 11-ci siniflərdə təhsil alanlarının sayı 300 mini aşır. Bu da o deməkdir ki, biz bu şagirdlərin hər birinin davamiyyətinin yaxşılaşdırılması istiqamətində iş aparmaq üçün, təbii ki, onların keyfiyyətli təhsil almalarını birinci növbədə məktəbdə təmin etməliyik. Bunu bacardığımız halda davamiyyət də öz qaydasına düşər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən