Sertifikasiyadan azad ediləcək müəllimlərlə bağlı yeni AÇIQLAMA

 16:12 21.09.2026     355

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, Azərbaycanda 20 min tamştatlı müəllim kontingentinin yaradılması planlaşdırılır. Onun sözlərinə görə, 2027-ci ildən başlanacaq proses çərçivəsində seçilən müəllimlər sertifikasiya imtahanından azad ediləcək. Seçim zamanı sertifikasiyada yüksək nəticə göstərən və tamştatlı işləmək istəyən müəllimlərə üstünlük veriləcək.

Bəs bu addımın atılmasında əsas məqsəd nədir? 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, son illərdə Azərbaycanın ümumi təhsil sistemində həyata keçirilən islahatlar sadəcə inzibati yeniliklər deyil, ölkənin insan kapitalının formalaşmasına yönəlməklə dərin struktur dəyişikliklərini ehtiva edir:

"Bu strateji xəttin davamı olaraq, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin bəyan etdiyi 2027-ci ildən etibarən 20 min tamştatlı müəllim kontingentinin yaradılması planı milli təhsilimizin institusional inkişafında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcıdır. Yüksək sertifikasiya nəticəsi göstərən peşəkarların növbəti imtahanlardan azad edilməsi və onlara tamştatlı statusun verilməsi qərarı sosioloji, iqtisadi və pedaqoji baxımdan ciddi elmi əsaslara malikdir. Müasir təhsil sosiologiyasında qəbul olunmuş fundamental prinsiplərdən biri layiq olanların və peşəkarların önə çəkilməsidir. Sertifikasiya imtahanlarında yüksək ballar toplayan, öz elmi-metodiki hazırlığını sübut edən müəllimlərə üstünlük verilməsi sistemdə ilk növbədə sağlam rəqabət mühiti yaradır".

Onun sözlərinə görə, pedaqoji baxımdan bu addım iki mühüm hədəfə xidmət edir:

"Birincisi, müəllimin hər 5 ildən bir imtahan stresi yaşaması onun diqqətini şagirdyönümlü təhsildən yayındıra bildiyi üçün, yüksək reytinq limitini keçən müəllimlərin sertifikasiyadan azad edilməsi onlara psixoloji rahatlıq verir və yaradıcı pedaqoji fəaliyyət üçün zəmin hazırlayır. İkincisi, gözlənilir ki, yaradılacaq 20 minlik elit korpus məktəblərdə sadəcə dərs deyən şəxslər olmayacaq, onlar həm də gənc kadrlar üçün metodiki dəstək rolunu oynayaraq məktəbdaxili mentorluq sistemini gücləndirəcəklər. Məsələnin sosial-iqtisadi tərəfini təhlil etdikdə aydın olur ki, hazırda Azərbaycan məktəblərində çalışan bir çox müəllimin dərs yükü yetərsizdir. Bu yanaşma iqtisadi baxımdan müəllimin vahid iş yerinə fokuslanmasını çətinləşdirir, onun repetitorluq və ya digər kənar fəaliyyətlərə yönəlməsinə rəvac verir. 18-24 saatlıq tam dərs yükü və müvafiq məktəbdaxili fəaliyyəti nəzərdə tutan tamştatlı sistem isə müəllimin sosial rifahını köklü şəkildə dəyişir. Bununla həm maliyyə optimallaşdırılması baş verir və müəllim bütün yaradıcı potensialını məktəbə həsr edir, həm də dövlət büdcəsi təhsilə ayrılan vəsaiti az effektli kəmiyyətə deyil, yüksək effektli keyfiyyətə yatırmış olur. Dünyanın ən uğurlu təhsil modellərinə, xüsusilə Finlandiya, Sinqapur və Cənubi Koreya təcrübəsinə nəzər salsaq, orada müəllim peşəsinin statusunun yalnız yüksək maaşla deyil, həm də tam məşğulluq və peşəkar sərbəstlik ile qorunduğunu görərik.Təqdim olunan strategiya məhz bu qlobal trendlərlə ayaqlaşacaq".

İlqar Orucov vurğuladı ki, dövlət ən güclü kadrlarını sistemin nüvəsinə çevirir və bununla da təhsildə idarəetmə reytinqini yüksəldir:

"Hər bir genişmiqyaslı islahat kimi, bu addımın da reallaşma mexanizmində elmi yanaşma tələb edən bəzi risklər mövcuddur. İlk növbədə, regional uyğunsuzluğun tənzimlənməsi diqqətdə saxlanılmalıdır, çünki xüsusilə ucqar kənd məktəblərində dərs saatlarının azlığı səbəbindən müəllimlərin tamştat statusu alması çətinləşə bilər. Dövlət bu spesifikanı nəzərə alaraq yaxın məktəblərin saatlarının birləşdirilməsini ehtiva edən təhsil klasterləri modelini tətbiq etməlidir. Digər bir tərəfdən, sertifikasiyadan azad olmağın müəllimdə yarada biləcəyi akademik arxayınlığın qarşısını almaq üçün imtahan metodikası həmkarların qiymətləndirilməsi və ya fəaliyyət göstəricilərinin təhlilinə əsaslanan daxili monitorinqlərlə əvəz edilməlidir. Düşünürəm ki, 2027-ci ildən start götürəcək 20 min tamştatlı müəllim korpusunun formalaşdırılması qərarı Azərbaycan təhsilinin kəmiyyət dövründən rəsmən keyfiyyət erasına keçdiyini göstərir. Bu, dövlətin öz müəlliminə olan etimadının, eyni zamanda təhsil menecmentinin modernləşdirilməsinin bariz nümunəsidir. Uğurlu icra mexanizmi ilə bu islahat yaxın 10 ildə ölkənin ümumi intellektual potensialının artmasında böyük bir dönüş nöqtəsi olacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən