ADMİU-dan xaric edilən tələbə universitetə bərpa oluna bilərmi? - Deputat AÇIQLADI
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) aşağı kurs tələbələrini təhqir və hədələdiyi iddia olunan tələbə ötən həftə universitetdən xaric edilib. Dünən isə həmin tələbə sosial şəbəkə hesabından bildirib ki, 1 il sonra o universitetə bərpa ediləcək, amma bu onun üçün uzun müddətdir və hazırda təhsilinə davam etmək istəyir.
Maraqlıdır, tələbənin 1 il sonra bərpası realdırmı?
Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun sözlərinə görə, tələbənin universitetdən xaric edilməsi problemin həlli yolu deyil:
"Tələbənin xaric olmaqla, əgər tərbiyəsi düzələcəksə, bu başqa məsələ. Amma hazırkı vəziyyətdə bu tələbənin tərbiyəsinə təsir etməyəcəksə, bu da başqa məsələdir. Ümumiyyətlə, universitetdən xaric etmə ən son və sərt qərar olmalıdır. Mən düşünürəm ki, buna biz getməmişdən əvvəl ciddi düşünməliyik".
Millət vəkili həmin şəxsin yenidən universitetə bərpa olunma ehtimalından da danışdı:

"Tələbə qaytarıla bilər, bilməz, bu universitetdən asılı bir məsələdir. Yəni mən bilmirəm nə dərəcədə realdır, amma mən düşünürəm ki, hər halda bu qərarda tələsilməməli idi və tələbə ilə ciddi söhbətlər, müzakirələr aparılmalı idi. Tələbə yenə düzəlməsə, yenə səhv etsə, yenə yanlış addım atsa, o zaman ən sərt qərarla cəzalandırılmalı idi. Əgər zərurət olardısa, hətta məsələ hüquq-mühafizə orqanları səviyyəsinə kimi qalxa bilərdi. Tələbənin bərpa məsələsi hesab edirəm ki, sırf qanunla, qaydalarla tənzimlənməlidir. Bərpa da adətən müvafiq qaydalara əsasən həyata keçirilir. Ona görə mən düşünürəm ki, bu artıq həm də universitetin üzərinə düşən bir məsuliyyətdir. Bu proses necə olacaq, bunu zaman göstərəcək. Sadəcə mən onu xüsusi qeyd etməliyəm ki, bu kimi məsələlərdə bizim hər birimizin çox diqqətli olmasına ehtiyac var ki, bizə tələbəni, vətəndaşı qazanmaq lazımdır. Vətəndaşı özümüzdən uzaqlaşdırmaq lazım deyil. Biz bunu nəzərə almalıyıq".
Aytəkin TOFİQQIZI













