Məktəblərdə geyim qaydaları dəyişdi: valideynlərə də məsuliyyət qoyuldu
Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı yeni qaydalar müəyyənləşdirilib.
Redaktor.az xəbər verir ki, Nazirlər Kabinetinin sentyabrın 21-də qəbul etdiyi qərarla “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə bir sıra dəyişikliklər edilib.
Yeni qaydalara əsasən, şagirdlərin müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan digər geyim elementlərindən istifadə etməsinə yol verilməyəcək. Həmçinin ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə icazə verilməyəcək.
Bununla yanaşı, Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə etmək mümkün olacaq.
Qərarla valideynlərin və digər qanuni nümayəndələrin də üzərinə vəzifə qoyulub. Belə ki, onlar övladlarının məktəbli geyimi ilə bağlı müəyyən edilmiş tələblərə riayət etməsini təmin etməlidirlər.
Bundan sonra şagirdlərin geyim forması ilə bağlı qaydalara riayət edib-etməməsi məsələlərinə məktəbin Pedaqoji Şurası baxacaq və müvafiq qərar qəbul edəcək.
Pedaqoji Şuranın bu məsələ ilə bağlı qəbul etdiyi qərar isə qəbul edildiyi tarixdən etibarən 5 iş günü ərzində məktəbin rəsmi internet səhifəsində və ya məlumat lövhəsində yerləşdirilməlidir.
Qərarla məktəbli geyimlərinin nümunələrinə də texniki dəyişiklik edilib. Oğlanlar üçün yay və qış geyim dəstinin təsvirində yer alan “üçdüyməli qısaqol köynək və şalvardan” ifadəsi sənəddən çıxarılıb.
Qeyd edək ki, dəyişikliklər “Ümumi təhsil haqqında” qanuna 2026-cı ildə edilmiş dəyişikliklərin tətbiqi ilə əlaqədar həyata keçirilib.
Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
T.İSMAYIL













