Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəbli forması ilə bağlı Nazirlər Kabinetinin yeni qərarı elan olunub. Nəhayət, uzun müzakirədən sonra Nazirlər Kabinetinin yeni qərarı ilə məktəbli geyimləri ilə bağlı qaydalara dəyişiklik edilib. Amma bu məsələyə yalnız “uşaqlar nə geyinəcək?” sualı ilə yanaşmaq düzgün olmaz. Çünki məktəbli forması ətrafında əslində daha böyük bir sual dayanır: Məktəbdə hansı mühiti formalaşdırmaq istəyirik?".
Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Məzahir Məmmədli feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, vahid geyim ideyasının arxasında bir neçə prinsip dayanır:
"Uşaqların ailəsinin maddi imkanlarının geyim üzərindən nümayiş olunmaması, şagirdlər arasında sosial fərqlərin və ayrı-seçkilik risklərinin azaldılması, rahat, praktik və yaş xüsusiyyətlərinə uyğun geyim, məktəb-valideyn əməkdaşlığı və daxili intizamın gücləndirilməsi, şagirddə məktəbə və kollektivə aidlik hissinin formalaşdırılması. Bir uşağın geyiminə görə digərindən “fərqli” görünməməsi, bəlkə də, bu müzakirənin ən vacib tərəfidir.
Çünki məktəb dəb nümayişinin deyil, təhsilin məkanıdır. Məsələ məktəbdə bərabərlik, nizam, rahatlıq və sağlam sosial mühit arasında düzgün tarazlığın qurulmasıdır".
Xədicə BAXIŞLI













